×
A
A
A
Sazlamalar

Misir Prezidenti ilə İordaniya Kralı arasında keçirilən görüşdə Yaxın Şərqdəki vəziyyət müzakirə edilib

Qahirə, 19 yanvar, AZƏRTAC

Əmmanda rəsmi səfərdə olan Misir Prezidenti Əbdülfəttah əl-Sisi İordaniya Kralı II Abdulla ilə Yaxın Şərqdəki, o cümlədən Suriya, Liviya və Yəməndəki vəziyyəti müzakirə ediblər.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər terrorizm və ekstremizmlə mübarizədə birgə fəaliyyətin regiondakı silahlı münaqişələrin qarşısının alınmasında mühüm amil kimi qiymətləndiriblər. Bu məsələdə iki ölkənin təhlükəsizlik xidmətləri arasında informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, ötən həftə Qahirədə İordaniya, Misir, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş qərarların, habelə Liviyada sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində Qahirə Təşəbbüsünün yerinə yetirilməsi bu baxımdan zəruridir. Misir Prezidenti diqqətə çatdırıb ki, bu məqsədlə hazırda Hurqada kurort şəhərində BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə Liviyada münaqişə tərəfləri arasında danışıqların növbəti mərhələsi keçirilir.
Misir və İordaniya liderləri Yaxın Şərqdə sülhün və təhlükəsizliyin bərpa olunmasında Fələstin probleminin həllinin də zəruri olduğunu bildiriblər. Bu məqsədlə Qahirə və Əmman arasında məsləhətləşmələrin aparılacağı bildirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2021-01-19 20:17:00