×
A
A
A
Sazlamalar

"The Korea Post": 20 Yanvarda Azərbaycan xalqının mərd övladları parlaq qəhrəmanlıq salnaməsi yaradıblar

Pekin, 19 yanvar, AZƏRTAC
Koreya Respublikasının nüfuzlu “The Korea Post" qəzeti 1990-cı ildə Bakıda baş verən Yanvar hadisələrindən bəhs edən məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, qəzetin Koreya və ingilis dili versiyalarında yerləşdirilən “Qara Yanvar" başlıqlı məqalədə azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün keçmiş sovet dövləti rəhbərliyinin əmri ilə törədilən cinayətkar əməllərdən bəhs edilir. Bildirilir ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş 26 min nəfərlik sovet qoşun birləşmələrinin törətdikləri qətllər zamanı uşaqlar, qadınlar, yaşlı insanlar daxil olmaqla, 147 mülki vətəndaş öldürülüb, təxminən 800 nəfər yaralanıb, bir o qədər sakin qanunsuz həbs edilib.
Müəllif Kevin Li yazır ki, Qanlı Yanvar hadisəsi Azərbaycan tarixində dönüş nöqtəsi olub. Bu qırğın Azərbaycan xalqını müstəqillik uğrunda mübarizədən çəkindirmədi. Həmin gün Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamaq, Vətənin azadlığı və müstəqilliyi uğrunda şəhid olmaq bahasına belə ən qəddar hücumlara qarşı durmaq qabiliyyətini nümayiş etdirdi. Vətəninin azadlığını və müstəqilliyini qoruyaraq həlak olmuş Azərbaycan xalqının mərd övladları parlaq qəhrəmanlıq salnaməsi yaradıblar.
"The Korea Post" Azərbaycan xalqının həmin dövrdə azadlıq mübarizəsi ilə paralel olaraq, sovet rəhbərliyinin dəstəklədiyi qonşu Ermənistanın təcavüzü ilə də üz-üzə qaldığını yazır.
Məqalədə Azərbaycanda həmin hadisələrin qurbanlarının xatirəsinin əziz tutulduğu, hər il yanvarın 20-də ölkədə milli matəm günü kimi qeyd olunduğu bildirilib.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

20 yanvar 2021-01-19 20:14:00