×
A
A
A
Sazlamalar

İndoneziya mətbuatında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş məqalələr dərc edilib

Cakarta, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar İndoneziya mətbuatında ingilis və İndoneziya dillərində məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın “Miraj” Xəbər Agentliyinin internet səhifəsində və “akurat.co.id” xəbər portalında 20 Yanvar faciəsi haqqında “Qara Yanvar faciəsi” və “Azərbaycan: Qara Yanvar faciəsi” sərlövhəli məqalələrdə yerli oxuculara faciənin tarixi barədə ətraflı məlumat verilib.
Məqalələrdə bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqımıza amansız divan tutulub. Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq, yüz minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından didərgin salınması və Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılmış təxribatlar haqqında məlumat verilib. Xalqımızın bu təxribatlarla bağlı haqlı etirazının qarşısının alınması məqsədilə 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusunun mülki əhaliyə qarşı amansız divan tutması və bu qanlı rəftarın mübariz Azərbaycan xalqını müstəqilliyə gedən yoldan döndərməyə qadir olmadığı haqqında yazılıb.
147 nəfərin şəhid olduğu, təqribən yüzlərlə insanın yaralandığı bu qanlı faciə ilə bağlı ətraflı məlumatların əks olunduğu bu məqalələrdə 31 il bundan öncə baş vermiş hadisələrin “Qara Yanvar faciəsi” adlandırılmasına baxmayaraq, həmin tarixin Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin şanlı səhifələrindən biri olduğu qeyd edilib.
Məqalələrdə xüsusi vurğulanıb ki, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından illər ötməsinə baxmayaraq, xalqımızın azadlığı, şərəfi və ləyaqəti uğrunda həlak olmuş şəhidlərimiz heç vaxt unudulmur. Hər il yanvarın 20-də Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur və ölkəmizin bütün bölgələrindən insanlar şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

20 yanvar 2021-01-19 20:01:00