×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb

Bakı, 19 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin yanvarın 11-də başlayan onlayn imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, 11-15 yanvar tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat səviyyəsində 135 qrupda təhsil alan 2467 tələbənin 233 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən bütün imtahanlarda yalnız 7 tələbə iştirak etməyib. İmtahan vermiş 2460 tələbədən 47 faizi 51-100 bal, 36 faizi 71-100 bal və 17 faizi 91-100 bal nəticə göstərib. Cəmi 4 tələbənin qeyri-kafi qiymət aldığı ilk imtahan həftəsində 9 tələbə Apelyasiya Komissiyasına müraciət edib.
Magistratura səviyyəsində 22 qrup üzrə ümumilikdə 44 imtahan keçirilib. 100 faiz iştirakçılığın qeydə alındığı imtahanlarda magistrantların 30 faizi 71-100 bal, 69 faizi isə 91-100 bal nəticə göstərib.
Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesinə adekvat formada fəaliyyəti təmin edilib. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar. Mövcud reallıqlar nəzərə alınmaqla müvafiq güzəştlərin tətbiqi ilə müşayiət olunan imtahan sessiyasının mütəşəkkil təşkilində tələbə təşkilatlarının fəal tələbələri də yaxından iştirak edirlər.
Universitetdə payız semestrinin imtahan sessiyası fevralın 6-dək davam edəcək.

Regionlar 2021-01-19 18:52:00