×
A
A
A
Sazlamalar

ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb

Bakı, 19 yanvar, AZƏRTAC

Hazırda koronavirusa qarşı vaksinlər qeyri-bərabər bölüşdürülür. Zəngin ölkələrin gənc və sağlam sakinləri yoxsul ölkələrdə tibb işçiləri və yaşlı insanlardan əvvəl vaksin alırlar. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib.
“Mən Sizə açıq deyim: dünya fəlakətli mənəvi uğursuzluğun astanasındadır. Bu uğursuzluğun qiyməti isə dünyanın ən kasıb ölkələrində insanların sağ qalması və həyatıdır”, — deyə yanvarın 26-dək Cenevrədə keçiriləcək ÜST İcraiyyə Komitəsinin 148-ci sessiyasında çıxış edərək Tedros Qebreyesus bildirib.
ÜST rəhbəri qeyd edib ki, hazırda 39 milyondan çox peyvənd dozası 49 yüksək gəlirli ölkəyə çatdırılıb. “Və yalnız 25 doza ən aşağı gəlirli ölkəyə verilib. 25 milyon deyil, 25 min deyil, iyirmi beş”, — deyə doktor Tedros Qebreyesus vurğulayıb. O əlavə edib ki, mövcud vəziyyətdə bir çox insanlar üçün xilas olmaq üçün nəzərdə tutulan vaksinlər dünyada bərabərsizliyin miqyasını daha da artıra bilər.
“Tamamilə aydındır ki, bütün dövlətlər öz səhiyyə işçilərini və yaşlı sakinlərini prioritet qaydada peyvənd etdirmək istəyirlər, – deyə ÜST rəhbəri söyləyib. Lakin zəngin ölkələrin gənc, daha sağlam yetkin sakinləri yoxsul ölkələrdə tibb işçiləri və yaşlı insanlardan əvvəl peyvənd almağı düzgün deyil”.
O, təəssüflə qeyd edib ki, vaksinin bərabərhüquqlu bölgüsünə dəstəklənməsi barədə bəyanatına baxmayaraq, bəzi ölkələr və şirkətlər COVAX təşəbbüsündən kənar ikitərəfli sövdələşmələr bağlamağa üstünlük verir, növbəliliyi pozmağa çalışır və bununla da vaksin qiymətlərini qaldırırlar.
“Vaksin hamıya bəs edəcək. Amma indi biz bir qlobal ailə kimi birlikdə işləməli və ən çox xəstəliyin ağır cərəyanı və ölüm riskinə məruz qalanlara ilk növbədə diqqət yetirməliyik”, – deyə ÜST rəhbəri vurğulayıb.
O əlavə edib ki, vaksinasiya işində millətçiliyin təzahürləri onunla nəticələnəcək ki, biz virusun cilovlanması üçün zəruri olan məhdudiyyətlərə məruz qalaraq, hələ uzun müddət pandemiya şəraitində yaşayacağıq, həmçinin insanları itirəcəyik və ciddi iqtisadi sarsıntılar keçirəcəyik.
Doktor Tedros Qebreyesus vaksinlərin ədalətli bölüşdürülməsinin yalnız mənəvi borc deyil, həm də strateji və iqtisadi zərurət olduğunu qeyd edib. O əlavə edib ki, bu yaxınlarda aparılmış araşdırmaya görə, yüksək gəlirli 10 ölkə üçün vaksinlərin ədalətli bölüşdürülməsindən yaranan iqtisadi faydalar 2021-ci ildə ən azı 153 milyard dollar təşkil edəcək, 2025-ci ilə isə 466 milyard dollaradək artacaq. Bu, COVAX təşəbbüsünün ümumi dəyərindən 12 dəfədən çoxdur.
“Mən bütün ölkələri birlikdə, həmrəylik ruhunda fəaliyyət göstərməyə çağırıram ki, bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanlar vaksin alsınlar. Bu, istisnasız olaraq Yer kürəsində bütün dövlətlərin maraqlarına cavab verir”, – deyə Tedros Qebreyesus söyləyib.
O, vaksin tədarükü qaydalarını dəyişdirməyi təkidlə tövsiyə edib. Xüsusilə, ÜST rəhbəri ikitərəfli müqavilələri olan və tədarüklərə nəzarət edən ölkələri, o cümlədən, həcm, qiymət və çatdırılma müddəti məsələlərində daha çox şəffaflığı təmin etməyə çağırıb. Vaksin istehsalçılarına müraciət edərək, Baş direktor ikitərəfli yeni sövdələşmələrə deyil, COVAX çərçivəsində tədarüklərə üstünlük verməyə çağırıb. O, bütün ölkələrə yalnız ciddi beynəlxalq təhlükəsizlik, səmərəlilik və keyfiyyət standartlarına cavab verən vaksinlərdən istifadə etməyi tövsiyə edib.
ÜST Baş direktoru vurğulayıb ki, COVID-19 fövqəladə hallara kollektiv hazırlıqsızlığı aşkar edərək, bütün ölkələr üçün, o cümlədən dünyanın zəngin və qüdrətli ölkələri üçün dəhşətli sınaq və gözlənilməz oldu. Doktor Tedros Qebreyesus səhvləri düzəltməyə və ümumi təhdidlərə qarşı mübarizədə birlikdə hərəkət etməyə çağırıb.

Səhiyyə 2021-01-19 18:28:00