×
A
A
A
Sazlamalar

Gənclər üçün yeni iş imkanları təqdim edən “Hazır mühasib” layihəsinə yenidən start verilir

Bakı, 19 yanvar, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM), İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM), Gəncliyə Yardım Fondunun və “Məram” Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Hazır mühasib – 2” layihəsinin icrasına start verilib.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, gənclər üçün yeni iş imkanları təqdim edən layihə ikinci dəfədir həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin karyera quruculuğuna və karyerasına dəstək verilməsi olan layihə iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən region gəncləri üçün nəzərdə tutulub. Beynəlxalq mühasibat uçotunun əsaslarını əhatə edən proqramın əsas istiqamətləri maliyyə uçotu və hesabatı, vergi və sosial ödənişlərin uçotu və hesabatı və rəsmi mühasibatlıqdır.
Dörd ay davam edəcək layihəyə qatılmaq istəyən gənclər test imtahanı və müsahibə yolu ilə seçiləcəklər. Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq, fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcəklər.
Xatırladaq ki, ötən il reallaşan layihənin sonunda altı iştirakçı dövlət və özəl sektorda işlə təmin olunub.
Layihəyə qatılmaq istəyən gənclər http://shorturl.at/uyGQZ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Sosial 2021-01-19 17:53:00