×
A
A
A
Sazlamalar

Muxtar respublikanın elektrik şəbəkələrinə ötən il 454 milyon 85 min kilovat-saatdan çox elektrik enerjisi daxil olub

Naxçıvan, 19 yanvar, AZƏRTAC

2020-ci ildə muxtar respublikanın elektrik şəbəkələrinə 454 milyon 85 min 532 kilovat-saat elektrik enerjisi daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində keçirilən kollegiya iclasında ətraflı danışılıb.
İclasda xidmətin rəisi Namiq Paşayev bildirib ki, muxtar respublikanın elektrik şəbəkələrinə daxil olan elektrik enerjisinin 29 671 000 kilovat-saatı İran İslam Respublikasından alınıb, 64 961 024 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 42 914 900 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 41 069 400 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 1 050 000 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 226 060 000 kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 40 943 976 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında, 339 632 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 7 075 600 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Ötən il İran İslam Respublikasına 29 705 000 kilovat-saat elektrik enerjisi verilib.
Qeyd olunub ki, hesabat ilində elektrik stansiyalarında 424 414 532 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu enerjinin 157 070 924 kilovat-saatı və ya 37 faizi su elektrik stansiyalarında, 226 399 632 kilovat-saatı və ya 53,35 faizi istilik elektrik stansiyalarında, 40 943 976 kilovat-saatı və ya 9,65 faizi Günəş Elektrik Stansiyasında istehsal edilib. 2020-ci ildə alternativ və bərpaolunan enerji mənbələrində 198 014 900 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu da stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 46,7 faizinə bərabərdir.
Hazırda Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikinti işləri davam etdirilir, eyni zamanda, gücü 15,6 meqavat olacaq Tivi Su Elektrik Stansiyasının, Şərur rayonunda ilkin mərhələdə layihə gücü 5 meqavat olacaq yeni Günəş Elektrik Stansiyasının tikinti işlərinə başlanılıb. Culfa rayonu ərazisində isə 1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir.
Vurğulanıb ki, hesabat dövründə 1323 sayda əhali, 772 sayda qeyri-əhali qrupuna və 477 smartkart tipli yeni sayğaclar quraşdırılıb, 243 sayğaca xitam verilib, 132 zədəli sayğacın işi bərpa olunub.
Sonra çıxışlar dinlənilib.

Regionlar 2021-01-19 17:51:00