×
A
A
A
Sazlamalar

Lənkəran teatrı “İlan Sultan” tamaşasını onlayn təqdim edəcək

Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də saat 17-də Lənkəran Dövlət Dram Teatrı rəsmi “facebook” səhifəsində iranlı dramaturq Bəhram Beyzayinin “İlan Sultan” tamaşasını onlayn nümayiş etdirəcək.
Bu barədə məlumatı AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev verib. Onun sözlərinə görə, iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən səhnə əsərinin quruluşu iranlı rejissor Xeyrullah Təğiyanipura aiddir.
Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
Əsas rolları Əməkdar artist Sücəddin Mirzəyev, aktyorlardan Səyad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov və digərləri ifa edirlər.
A.Babayev bildirib ki, Lənkəran Dövlət Dram Teatrının truppası "İlan Sultan" tamaşası ilə 2016-cı ilin yanvar ayında İranda keçirilən XXXIV Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edərək, bu nüfuzlu sənət yarışmasının mükafatına layiq görülüb.

Regionlar 2021-01-19 17:48:00