×
A
A
A
Sazlamalar

İçərişəhərdə “20 Yanvardan başlanan Zəfər yolu” adlı onlayn konfrans keçirilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) “20 Yanvardan başlanan Zəfər yolu” adlı onlayn konfrans keçirilib.
“İçərişəhər” DTMQİ-dən AZƏRTAC-a bildirilib ki, 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Qurumun tabeliyində olan Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, idarənin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev iştirak ediblər.
Çıxışçılar 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsi olduğunu bildiriblər. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmə tarixini məhz 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Onların vətən sevgisi, dönməz əqidəsi yurdumuzun başı üzərini alan qara buludları dağıtmış, çoxsaylı itkiyə, kədərə rəğmən xalq öz mətanətini itirməmişdir. Bu gün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər xiyabanı gələcək nəsillər üçün rəşadət, igidlik simvoludur.
Qeyd edilib ki, 20 Yanvar faciəsinin 31-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan ərazi bütövlüyünü bərpa edib, düşmən üzərində möhtəşəm qələbə qazanıb.
Tədbir bədii hissə ilə sona çatıb. Bədii hissədə məktəblilərin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olunub.

Mədəniyyət 2021-01-19 17:27:00