×
A
A
A
Sazlamalar

Məhəmməd İslami: Yüklərin Azərbaycan üzərindən tranzit daşınması “Şimal-Cənub” dəhlizinin fəaliyyətini artıracaq

Tehran, 19 yanvar, AZƏRTAC

Azərbaycan üzərindən yüklərin tranzit olaraq daşınması “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib. O bildirib ki, İran Azərbaycan üzərindən yükdaşımaları həyata keçirəcək ki, bu da yalnız İran və Azərbaycan üçün deyil, eyni zamanda, digər region ölkələri üçün də faydalı olacaq. Bununla da dövlətlər arasında iqtisadi-ticarət əlaqələri inkişaf etməklə gəlirləri artıracaq.
Nazir qeyd edib ki, Astara şəhərində avtomobil yükləri üçün yeni terminalın və Astaraçay üzərində yeni körpünün inşa edilməsi üzrə Azərbaycanla razılıq əldə olunub. Gələn ay Astarada hər iki dövlətin rəsmi şəxslərinin iştirakı ilə təməlqoyma mərasimi keçiriləcək. Bu körpü İranın Ərdəbil-Astara-Rəşt magistral yolu ilə Azərbaycanın Bakı-Ələt-Astara magistral yollarını birləşdirəcək. İki dövlətin avtomobil yollarının birləşməsi yükdaşımaları asanlaşdırmaqla, onların həcmini də artıracaq.
M.İslami onu da vurğulayıb ki, İranın nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətləri işğaldan azad edilən Qarabağın bərpasında iştirak etməyə hazırdır. İşğaldan azad edilən rayonların İran ilə həmsərhəd olması, bərpa zamanı nəqliyyat xərclərinin azalmasına səbəb olacaq.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2021-01-19 14:01:00