×
A
A
A
Sazlamalar

AzTV-də 20 Yanvarla bağlı yeni sənədli film nümayiş olunacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli film çəkib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Son anda” adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.
Sənədli filmdə Nazim Ələkbərov obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.
Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki “Zaporojets” markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən “Son anda” adlanır.
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin “şahidi” olan həmin maşını sənədli filmdə görə biləcəklər.
Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrlar da “Son anda” filmində yer alacaq.
Ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filimin operatoru Cavid Əliyevdir.
“Son anda” yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.

Mədəniyyət 2021-01-19 11:57:00