×
A
A
A
Sazlamalar

Ağalar Vəliyev: Hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ çox yaxın zamanlarda büsbütün yeni simada olacaq

Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu günlərdə mədəniyyətimizin paytaxtı elan olunmuş Şuşaya səfəri ədalətin bərpası və qalibiyyətin təntənəsi olmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işlərinin başlamasından müjdə verən tarixi hadisəyə çevrildi.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Deputat qeyd edib ki, son aylar ərzində ölkəmizin həyatında çox ciddi dəyişikliklər baş verib, Azərbaycan öz tarixinin yeni mərhələsini yaşamaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı, Qarabağımızı azad etdi.
Ölkəmizin qarşısında yeni reallıqların dayandığını bildirən Milli Məclisin üzvü söyləyib ki, işğaldan azad edilmiş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması və insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir. Bu günlərdə böyük quruculuq işlərinin ilk layihəsi olan Füzuli-Şuşa yolunun təməlqoyma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verilib. Prezidentimizin inamla söylədiyi kimi, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, bizim tarixi dədə- baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Millət vəkili qeyd edib ki, xarici vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların Şuşaya rahat səfər etmələri üçün Füzuli Beynəlxalq Hava Limanı bir il ərzində istifadəyə veriləcək. Kəlbəcər və ya Laçında ikinci beynəlxalq hava limanının tikilməsinin nəzərdə tutulması dövlət başçımızın cənnət Qarabağı turizm bölgəsinə çevirmək planlarından xəbər verir və bu, dövlətimizin iqtisadi maraqları baxımından tamamilə məntiqidir. İki beynəlxalq hava limanının istifadəyə verilməsi gələcəkdə Qarabağ zonasının bərpa olunması, yüklərin daşınması və turizmin inkişafı üçün böyük vəsilə olacaq. Bərpa-quruculuq işləri başa çatdıqdan və böyük turizm sənayesi işə salındıqdan sonra bölgə xarici turistlər üçün sevimli məkana çevriləcək.
Ağalar Vəliyev Qarabağ bölgəsinə yeni şəhərsalma mədəniyyətinin gətiriləcəyindən də söz açaraq vurğulayıb ki, 30 illik işğal dövründə dünyada və eləcə də ölkəmizdə tikinti-inşaat sektoru xeyli müsbət yeniliklərə imza atıb. Təbii ki, bu yeniliklər işğaldan azad olunmuş torpaqlara da şamil olunacaq. İnsanlar üçün rahat və modern yaşayış yerlərinin inşası, yeni inzibati binaların və tədris ocaqlarının istifadəyə verilməsi Qarabağa böyük köçü təşviq edən əsas amillərdən birini təşkil edir.
Millət vəkilinin sözlərinə görə, Qarabağ bölgəsində yerli və xarici sərmayədarların maraqlarına səbəb ola biləcək xeyli resurslar mövcuddur. Bu bölgəyə yatırılan sərmayə ölkəmizdə qeyri-neft sektorunun ciddi inkişafına səbəb olacaq və o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyi, iqtisadi təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyacaq. Qarabağın tacı sayılan və mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərinin bərpası isə ölkə rəhbərinin söylədiyi kimi planlı şəkildə təmin olunacaq. Artıq bütün təhlillər aparılıb və müvafiq göstərişlər verilib.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması kimi çox çətin vəzifə uğurla başa çatdırıldığı kimi, işğaldan azad edilmiş torpaqlarımızda həyatın canlandırılması istiqamətində nəzərdə tutulan proqramlar da böyük uğurla icra olunacaq. İnamla bildirirəm ki, hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi çox yaxın zamanlarda büsbütün yeni simada olacaq.

Daxili siyasət 2021-01-18 14:17:00