×
A
A
A
Sazlamalar

Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir

Bakı, 18 yanvar, AZƏRTAC

Bu gündən ölkə ərazisində COVID-19 əleyhinə əhalinin vaksinasiyası kampaniyasına start verilib. Virusun bu müddət ərzində yayılma dinamikası, mutasiyaya uğraması vaksinasiyanın zəruriliyini və COVID-19-la mübarizədə mühüm amil olduğunu təsdiqlədi. Dünyanın aparıcı ölkələri artıq vaksinasiya prosesinə qoşulublar və Azərbaycan öndə gedən Türkiyə, ABŞ və Avropa ölkələri ilə birgə bu prosesdə iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, ümumiyyətlə götürdükdə, Azərbaycan koronavirus sınağından az itki ilə çıxır və ölkəmizdə vəziyyət tam nəzarətdə saxlanılır. Səhiyyə infrastrukturunun lazımi səviyyədə qurulması, bütün təchizat məsələlərinin həlli, operativ tədbirlərin görülməsi, həmçinin sosial dəstək paketinin həyata keçirilməsi koronavirusla mübarizə strategiyasının tərkib hissəsidir. Hökumət ötən il COVID 19-la mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf edib. Bu il üçün isə dövlət büdcəsində xəstəliklə mübarizə məqsədi ilə 261 milyon manat nəzərdə tutulub. Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə, təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilib. Xüsusilə, işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilib. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.
Könül Nurullayeva qeyd edib ki, bir neçə gün əvvəl ölkəmizdə COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib. Bu, ölkəmizdə dövlətin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək dəyərin göstəricisidir. Vaksinasiya məntəqələri dövlət ambulator-poliklinik müəssisələrin nəzdində yaradılıb.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri də bu qənaətdədir ki, vaksinasiya prosesi vaksinin özündən daha çətin prosesdir”, -deyən deputat bildirib ki, vaksinasiya məntəqələrinin şəraiti, tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi də vacib şərtlərdəndir. Ölkəmizdə bu prosesin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edən deputat deyib: “Vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Vətəndaşların bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməsi vacibdir”.

Səhiyyə 2021-01-18 12:34:00