×
A
A
A
Sazlamalar

Böyük qayıdış başlayır, bütün işlərə start verilib

Bakı, 16 yanvar, AZƏRTAC 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ötən il sentyabrın 27-də təcavüzkar Ermənistanın işğalı altında saxladığı əzəli torpaqlarımızın azad olunması uğrunda müharibəyə başladı. Savaşın hər səhər-axşamı qələbəyə təşnə olanların gözləri yollarda, qulaqları səsdə oldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, kənd və qəsəbələrin, adlı-adsız yüksəkliklərin azad olunması xəbəri köçkünlərimizin yanğılı ürəklərinə su sərpdi. Noyabrın 8-i isə Ali Baş Komandan İlham Əliyev yerə-göyə sığmayan sevincini arxalandığı, ürək qızdırdığı xalqı ilə bölüşərək, “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”, – dedi və belə bir müjdəni xalqa çatdırmaqla bəlkə də həyatında ən xoşbəxt günlərindən birini yaşadığını söylədi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a açıqlamasında bildirib ki, böyük, mətin sərkərdənin Şuşa müjdəsi təkcə sentyabrın 27-dən bu yana işğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı növbəti qələbə xəbəri deyildi, həm də son 17 illik prezidentlik fəaliyyətinin sevinc, fərəh dolu bir gündə atanın-ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” etimadının oğul tərəfindən doğruldulması, ata vəsiyyətinə ləyaqətlə əməl edilməsi və ötən illər ərzində yurd, torpaq uğrunda qanlarından-canlarından keçən şəhidlərimizin ruhları önündə hesabatı idi, 20 Yanvar, Xocalı qətliamları qurbanlarının müqəddəs ruhlarının şad olduğu və rahatlıq tapdığı bir gün idi.
Dövlətimizin başçısı tərəfindən Şuşanın işğaldan azad edildiyi ilk gündən bu tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyətə başlanıldı. Biz bunu Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyduğu, mədəniyyət paytaxtı Şuşa şəhərində olduğu zaman bir daha şahidi olduq.
Yeri gəlmişkən, Füzuli–Şuşa yolunun inşasına başlanılması, eyni zamanda, Azərbaycan Prezidentinin yaradıcı ruhunun parlaq təzahürüdür. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan quldurluq hərəkətləri törədib, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.
Dövlətimizin başçısı Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində bildirdi ki, bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Ölkə rəhbəri daha sonra dedi: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.
Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
Xatırladaq ki, hazırda dövlətimiz tərəfindən Qarabağın işğaldan azad edilən bütün ərazilərində yenidənqurma işlərinə başlanılıb. Suqovuşana yol çəkilib, şəhərlərin yeni baş planları hazırlanır. Digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, Qarabağda müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bunsuz ərazinin sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Bütün bunlar həm də Qarabağ bölgəsini bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün geniş imkanlar açacaq.
Dövlət başçımızın tapşırığına əsasən, dəmir yolları ilə də bağlı hazırlıq işləri gedir. Horadiz-Füzuli, Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Cənab Prezident də bildirib ki, Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolunun çəkilməsi zəruridir. Şuşaya vətəndaşlar qayıdandan sonra, bu yol istismara veriləcək. Digər vacib layihələrdən biri də çətin relyefdən keçən Toğanalı-Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna qədər davam etdiriləcək. Beləliklə, iki tərəfdən – şimaldan və cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Hazırda Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi üzrə də hazırlıq işləri gedir.
Prezidentin tapşırığı ilə sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yaradılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında həyata keçirilir.
Dövlətimizin başçısının tapşırığı ilə bu işlərin reallaşdırılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bütün aidiyyəti dövlət strukturları Qarabağın bərpası tədbirlərinə cəlb olunub.
Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlməsi prosesinə töhfə vermək üçün Qarabağ Dirçəliş Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir. Fond işğaldan azad edilən ərazilərinin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.
Beləliklə, dövlətimizin başçısının bəyan etdiyi kimi, böyük qayıdış başlayır, bütün işlərə start verilib.

Daxili siyasət 2021-01-16 13:10:00