×
A
A
A
Sazlamalar

Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır

Bakı, 16 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar yanvarın 18-dən fevralın 9-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etmiş vətəndaşlar SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər ehtiyat zabit hazırlığı kursuna müvafiq ixtisaslar üzrə qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran kursantlarla leytenant hərbi rütbəsi verilməklə, zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Kursa qəbul olunmaq istəyən namizədlərin TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət zamanı təqdim etməli olduqları sənədlərin siyahısı Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Məhkumluğu olan hərbi vəzifəlilərin ehtiyat zabit hazırlığı kursuna qəbul üçün müraciət etməmələri xahiş olunur.
Sənədlər yanvarın 18-dən fevralın 9-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək Bakı şəhəriYasamal rayonu Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyində (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi) qəbul olunur. Əlavə məlumatı (012) 538-85-62 nömrəli telefon vasitəsilə almaq mümkündür.

 

Ordu 2021-01-16 11:34:00