×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ gülüstana çevriləcək

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədə ötən il ölkəmizdə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə görüləcək işlər müzakirə olundu. Ötən ilin əsas yekunu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Ötən il 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Bütövlükdə, 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da təslim olaraq kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Biz Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan, bir şəhid vermədən siyasi yolla geri aldıq. Bununla da Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə birdəfəlik son qoyuldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.
Deputat vurğulayıb ki, bu gün müstəqil Azərbaycan özünün ən şanlı dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlarda əbədi qalacaq. Müstəqil Azərbaycan bu gün çox güclüdür. Dövlətimizin gücü onun siyasətində, iqtisadiyyatında, diplomatiyasında və ən nəhayət, xalq-iqtidar birliyindədir. Azərbaycan Prezidenti sözü ilə əməli arasında heç bir fərq olmadığını sübut etdi. Çünki dövlətimizin başçısı hər zaman çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını deyirdi. Prezident xalqına verdiyi sözü əməli ilə yerinə yetirdi.
Xalqımız öz liderinə inanır və güvənir. Biz bir xalq, bir millət olaraq Vətən müharibəsində birliyimizi dünyaya nümayiş etdirdik. Dünya bizim gücümüzü, həmrəyliyimizi gördü. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, milli maraqlar zəminində apardığı uğurlu xarici siyasət nəticəsində 30 ilin həsrətinə son qoyuldu. Biz düşmənin başını əzdik, dövlət başçısının qeyd etdiyi kimi, biz erməni faşizmini məhv etdik, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini öz gücümüzlə yerinə yetirdik, ərazi bütövlümüzü təmin etdik. Zəfər paradı isə böyük qələbəmizin təntənəsi idi.
İqbal Məmmədov qeyd edib ki, Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı olub və bu istiqamətdə humanist siyasət yürütməkdə davam edir. Dinc və yanaşı yaşamaq, regionda təhlükəsizliyin təmin olunması dövlət siyasətinin prioritetlərindəndir. Deputat bildirib ki, Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsaslanır. Bu Bəyanatda təsbit olunmamış heç bir fəaliyyətin həyata keçirilməsi mümkün deyil. Dövlətimizin razılığı ilə icazə verilən humanitar məsələlərdən sui-istifadə yolverilməzdir. Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribatçı addımlar atmamalıdır.
Deputat ötən il ölkə iqtisadiyyatının inkişafından da danışıb. Bildirib ki, 2020-ci il nə qədər gərgin keçsə də, iqtisadiyyatda sabitlik və dayanıqlılıq təmin olunub: “Belə ki, ötən il Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artması qeyri-neft iqtisadiyyatının inkişafını deməyə əsas verir. Ölkəmizdə ötən il kənd təsərrüfatının 2 faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artıb. Dünyanı lərzəyə salan və iqtisadi tənəzzülə uğradan koronavirusla mübarizədə vəsaitlər xərclənsə də, müharibə aparılsa da, ölkənin valyuta ehtiyatlarının qorunub saxlanıb, Dövlət Neft Fondunun vəsaiti 0,5 faiz artıb”.
İqbal Məmmədov bildirib ki, Cənub Qaz Dəhlizinin tamamlanması və TAP vasitəsilə Azərbaycan qazının dünya bazarına çatdırılması ötən ilin mühüm tarixi nailiyyətlərindəndir. Beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanda iqtisadi durumu yüksək qiymətləndirirlər. Biz bunu Dünya Bankının "Doing Business" hesabatında aydın görürük.
“2021-ci ilin əsas istiqamətləri erməni işğalından azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması, infrastrukturun qurulmasıdır. Bununla bağlı dövlət büdcəsindən 2 milyard manatdan çox vəsait ayrılıb. Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biz Qarabağı gülüstana çevirəcəyik. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır və bu torpaq çox bərəkətlidir. Bu bölgənin yenidən dirçəldilməsi ölkə iqtisadiyyatına öz layiqli töhfəsini verəcəkdir”, - deyə deputat vurğulayıb.

Daxili siyasət 2021-01-12 19:34:00