×
A
A
A
Sazlamalar

Hicran Hüseynova: Moskvada keçirilən üçtərəfli görüş Azərbaycanın strateji məqsədlərinə uyğundur

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair gələcək addımları birlikdə müzakirə etmək idi.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova AZƏRTAC-a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada keçirilən üçtərəfli görüşü Azərbaycan üçün, bütövlükdə region üçün uğurlu hesab etmək olar. Belə ki, tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
İmzalanmış sənədə əsasən regionda həm vaxtilə mövcud olan, həm də yeni kommunikasiya və nəqliyyat əlaqələrinin bərpasına və yaradılmasına başlanılır. Nəticədə yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Qeyd etmək lazımdır ki, bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol salınacaqdır. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığının azalmasına səbəb olacaqdır. Eyni zamanda, Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yolların çəkilməsi də nəzərdə tutulur. Bütün bunlar isə Azərbaycanın iqtisadi imkanlarının artmasına, beynəlxalq nüfuzunun güclənməsinə və bölgədə yeni yaranacaq geosiyasi və geoiqtisadi müstəvidə əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.
Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və sistemli siyasətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Əgər biz sentyabrın 27-dən bu günə qədərki prosesi təhlil etsək, o zaman məsələnin mərhələli həllini müşahidə edə bilərik. Birinci mərhələdə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük bir qismi erməni işğalından azad olundu. Daha sonra isə siyasi və diplomatik yolla və əlbəttə ki, ölkə başçısının prinsipiallığı və rəşadətli ordumuzun təzyiqi ilə hərbi əməliyyatlar aparılmadan digər ərazilər qaytarıldı. Bu, ikinci mərhələdir. Növbəti, üçüncü mərhələdə isə Azərbaycan qalan əraziləri iqtisadi yolla qaytaracaq və tam nəzarəti bərpa edəcəkdir.
İmzalanan Bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Prezident İlham Əliyev görüşdən sonra verdiyi qısa bəyanatda görüşün əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Digər tərəfdən isə bu prosesin regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcəyini bildirdi. Ölkə başçısı bir daha bu konfliktin tarixə çevrildiyini qəti şəkildə bəyan edərək, indi gələcək haqqında düşünməyin zəruriliyini vurğuladı.
Dövlət rəhbərlərinin mətbuat konfranslarındakı qısa açıqlamaları və davranışları bir daha göstərdi ki, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Həmçinin diqqətçəkən məqamlardan biri də o oldu ki, Prezident İlham Əliyev sülhməramlı qüvvələrin fəaliyyətinə də toxunaraq mühüm açıqlama verdi: “Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb”. Digər bir xüsusi məqam isə ölkə başçısının Rusiya Prezidentinin sözlərindən sitat gətirərək dediyi fikir idi: “Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. Üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edərək belə bir fikri yenidən gündəmə gətirməklə cənab Prezident Qarabağ, onun statusu məsələsi ilə bağlı bütün suallara qəti və açıq şəkildə bir daha cavab vermiş oldu.
Paşinyanın açıqlamaları və davranışları isə göstərdi ki, onun irəli sürdüyü heç bir təklif nəzərə alınmayıb. Qeyd etmək lazımdır ki, Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün baş tutmaması üçün çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.
Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı. O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. Lakin həm Paşinyan, həm də erməni ictimaiyyəti dərk etməlidirlər ki, həmin diversiya qrupunun üzvləri atəşkəsin əldə olunmasından sonrakı dövrdə diversiya-terror fəaliyyəti məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmir və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni zamanda, Laçın dəhlizi vasitəsilə başqa ölkənin vətəndaşları, o cümlədən rəhbər vəzifəli şəxsləri Azərbaycanın rəsmi icazəsi olmadan bu ərazilərə gələ bilməz.
Baxmayaraq ki, Moskva görüşündən əvvəl ermənilər destruktiv fəaliyyət göstərir, maneələr yaradırdılar, lakin bu cəhdlər heç bir səmərə vermədi. Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.
Eyni zamanda, yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub. Xüsusilə qeyd etmək lazımdır ki, belə bir görüş Ermənistanın baş naziri ilə keçirilməyib. İkitərəfli görüşdə həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının rəhbərləri çox vacib məsələləri müzakirə ediblər. Bu görüşdə qeyd olunub ki, ikitərəfli münasibətlərin həm iqtisadi, həm də humanitar sahədə daha sıx, daha sistemli şəkildə qurulmasına imkan verəcək. Cənab İlham Əliyev isə əməkdaşlıq və dostluq münasibətlərini önə çəkərək, əminliyini bildirib ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq.
Bununla da inamla deyə bilərik ki, Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Daxili siyasət 2021-01-12 19:25:00