×
A
A
A
Sazlamalar

“Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb

Bakı, 12 yanvar, AZƏRTAC 

Avropa İttifaqının “Euractiv” informasiya portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun “Cənubi Qafqaz üçün sabitlik paktı” adlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif 1999-cu ildə yaranmış Cənubi Qafqaz üçün sabitlik və əməkdaşlıq paktı kimi uğurlu bir ideyanın həyata keçirilməsi üçün maneənin artıq aradan qalxdığını yazır. V.Hüseynov bildirir ki, 1990-cı illərin sonlarında Cənubi Qafqazın və onun ətrafdakı bəzi dövlətlərin liderləri bölgədə sülh və təhlükəsizliyə nail olmaq, eyni zamanda, regionun iqtisadi inkişafından və transformasiya potensialından maksimum istifadə etmək məqsədilə sabitlik və əməkdaşlıq paktı təsis etməyin lazım olduğu qənaətinə gəlmişdilər. Məqalədə 1999-cu ilin noyabrında ATƏT-in Zirvə görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin regional problemlərin həlli və Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik paktının təsis olunmasını təklif etdiyi və bu təklifin dəstəkləndiyi qeyd olunur. Vurğulanır ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyə dair belə bir paktın təsis olunmasının zəruriliyi ilə bağlı konsensusa baxmayaraq, həmin vaxt öz həllini gözləyən böyük bir problem mövcud idi ki, bu da Prezident Heydər Əliyevin bəyan etdiyi kimi, ilk növbədə, Cənubi Qafqazdakı münaqişələrin həlli, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarması və bir milyondan çox azərbaycanlı məcburi köçkünün öz vətənlərinə qayıtması idi. O vaxt təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş əldə olunmadığı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qaldığı müddətdə Ermənistanla hər hansı münasibət qurmağın mümkünsüzlüyü diqqətə çatdırılır.
Müəllif İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğalına son qoyulduğunu və beləliklə, yuxarıda qeyd edilən sülh təşəbbüsünü reallaşdırmaq üçün bir fürsət yarandığını bildirir.
Məqalədə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyevin fikirləri sitat gətirilir: “Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu səhifəni bağlamalıyıq, biz bu ədavətə son qoymalıyıq”.
V.Hüseynov Qarabağ münaqişənin həllini, o cümlədən bölgədəki bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutan üçtərəfli Bəyanatın həqiqətən də iqtisadi, siyasi və sosial layihələrin reallaşmasına təkan verilməsi baxımından misilsiz bir şans olduğunu vurğulayır.
Sonda müəllif vurğulayır ki, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi iki ölkə arasında uzun müddət davam edən ədavətə son qoyulmasına, blokadanın aradan qalxmasına, iqtisadi, ticari və s. əlaqələrin yenidən başlanmasına, bütün bunların Qafqazda sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümidləri artırıb.

Daxili siyasət 2021-01-12 13:39:00