×
A
A
A
Sazlamalar

Söz ilə əbədi yolçuluq və yaxud poetik bütövlük

Bakı, 9 yanvar, AZƏRTAC 

Qədim tarixə, zəngin ənənələrə malik olan Azərbaycan poeziyasının inkişafında böyük xidmətlər göstərmiş qadın şairlərimizdən söz düşəndə gözlərimiz önündə şeir pərilərimizin möhtəşəm bir sırası (Məhsəti xanım, Xurşidbanu Natəvan, Heyran xanım, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri, Xanımana Əlibəyli və s.) canlanır. Türk şeirinin milli və bəşəri dəyərlər əldə etməsində özünəməxsus xidmətləri ilə seçilən Leyla xanım, Şərəf xanım, Adilə Sultan, Nigar xanım, Fatma Aliyə, Xalidə Nüsrət və s. kimi ünlü şairləri bu sıraya əlavə etsək, ümumtürk kontekstində “gözəllik daşıyıcıları və gözəllik yaradanlar”ın (akademik Bəkir Nəbiyev) timsalında Azərbaycan-türk şeirimizin keçdiyi yolun, qazandığı uğurun, dünya şeir sənətinə verdiyi töhfələrin rəngarəng mənzərəsi şeir tariximizdəki inkişafla bağlı təsəvvürlərimizi daha da genişləndirir. Nə yaxşı ki, “çeşmələrdən dəryalaşan” (M.Şəhriyar) Azərbaycan şeirimizin indiki mərhələsində poeziya mələklərimizin (ümumilikdə poeziyamızın) ənənələrindən bəhrələnən, ona yaradıcı yanaşan və onun poetik bütövlüyünü özünəməxsus şəkildə təmin edənlər sırasında çağdaş lirik-fəlsəfi şeirimizin tanınmış simalarından biri Mahirə Nağıqızının imzasını da görə bilirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru, Türk araşdırmaları bölməsinin müdiri Elman Quliyevin həmin ali məktəbin Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) “Onun daş nağılı” kitabı haqqında yazdığı “Söz ilə əbədi yolçuluq və yaxud poetik bütövlük” başlıqlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:
“Mahirə Nağıqızının türk ənənəvi şeir çeşməmizdən bəhrələnməsi, sənətindəki türk ruhunun aparıcılığı və bu ruhun onun şair-vətəndaş mövqeyində obrazlaşması olduqca təbii görünür. Çünki doğulduğu qədim türk yurdunun, bu yurd özəlliklərinin Mahirə Nağıqızının ruhuna hopdurduğu milli-mənəvi duyğular, onda yaratdığı milli-psixoloji və milli-estetik keyfiyyətlər şair-vətəndaş olaraq onu daim keçmişinə üz tutmağa, qəlbinə hakim kəsilən bu duyğuların təsiri ilə keçmişdən bu günə, bu gündən gələcəyə boylanmağa sövq (həm də məcbur) edib. Bu səbəbdən o, şeirlərində Vətənimizə, tariximizə, təbiətimizə, mədəniyyətimizə, milli varlığımıza şair-vətəndaş mövqeyindən yanaşılma sənətinin milli təəssübkeşlik amillərini çoxaldıb, mövzu, ideya və forma baxımından yaradıcılığındakı milli komponentləri qabardıb:
Min illərdir zaman adlı imtahanda
Dayanıbsan, sınağına salam olsun!
Uca millət, qan qoxuyan bu cahanda,
Ayaqdasan, hər anına salam olsun.

Tanrı yurdu Mövlanaya qucaq açan,
Yunus İmrə ocağına işıq saçan,
Göytürklərdən üzü bəri çiçək açan,
Elm-sənət gülzarına salam olsun.
Mahirə Nağıqızının yaradıcılığı mövzu məhdudiyyəti tanımayan sənətdir. Forma rəngarəngliyi və ideya-məzmun çalarları ilə zəngin olan bu sənətdə gözəllik ilə ülviyyətin, sevgi ilə məhəbbətin, vətənpərvərlik ilə qəhrəmanlığın vəhdəti, tərənnüm və paralelliyi həm diqqəti cəlb edir, insanı əbədiyaşar ideallarla baş-başa saxlayır, həm də oxucunu sirli dünyanın ağuşuna ataraq düşünməyə məcbur edir:
Salma məni bu sualın bərkinə
Hər cavabın içində sirr görünür.
Ömür atı alıb gedər tərkinə,
Gəlib keçən ordan bir-bir görünür.
Bir cəhəti qeyd etmək istərdim ki, nəsrdən fərqli olaraq şeirdə şairin misra arxasında gizlənməsi bir qədər çətindir. Yəni şeirdə oxucu şairin səmimi olub-olmadığını çətinlik çəkmədən duya bilir. Ona görə də səmimiyyət poeziyada həmişə vacib və əhəmiyyətli komponentlərdən biri olub. Çünki səmimi işlənən söz həm şairə, həm də ifadə olunan fikrə maraq və diqqəti daha da artırmışdır. Necə deyərlər: “Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.
Bildiyimiz kimi, əksər sənətlərdə onu yaradan müəlliflərin iç dünyasının ifadə olunması önəmli yerlərdən birini tutur. Sənət aləmində əsl sənətkarlar öz talelərini yazırlar desək, yəqin ki, səhv etmərik. Mahirə Nağıqızının şeirlərində də həm onun taleyi ilə bağlanan, həm də tərcümeyi-hal faktına çevrilən çoxsaylı nümunələrə rast gəlmək mümkündür. “Qəlbində əkdiyim ağac”, “Sənsən”, “Al bayrağım”, “Ömür yolu”, “Məhəbbət”, “Alça çiçəyi”, “Mənəm”, “Ana dilim”, “Anama”, “Əliyə”, “Könülə” və s. kimi onlarla şeirdə Vətənlə, torpaqla, xalqla, tariximizlə, milli dəyərlərimizlə, doğma insanlarla üz-üzə dayanan, bütün varlığı ilə onlara bağlanan, ən başlıcası isə səmimi duyğularını ortaya qoyan sənətkarın Vətəndaş, İnsan, Ana və Şair obrazını görə bilirik. Bu məqamda oxucu Mahirə Nağıqızının şairlik istedadı ilə yanaşı, onun sənətində mahiyyət dəyişikliyinə yol açan Analıq, Vətəndaşlıq və İnsanlıq istedadları ilə də üz-üzə dayanır, paralel şəkildə həmin keyfiyyətləri müşahidə edə bilir. Nəticə etibarilə bu müstəvidə şairin təqdim etdiyi istənilən ifadə və deyimlər (hətta ilk baxışda sadə görünənlər də) ideya-bədii çəkisinə görə fərqlənir, mahiyyətin estetik dərinlikdə çatdırılmasını təmin edir:
Sevda sarayında daş olaq, gedək,
Sevgi dastanında baş olaq, gedək,
Ümid karvanına qoşulaq, gedək,
İki can, bir ürək çıxaq yollara,
Gedək uzaqlara, lap uzaqlara.
və yaxud:
Ay ana, bilirəm bu kainatda,
Qiymətli nə varsa, oyun-oyuncaq.
Hər şeyin qiyməti olur həyatda,
Sənin qiymətini tapmadım ancaq.
Belə düşünürəm ki, Mahirə Nağıqızının şeiriyyəti həyatın gerçəklikləri ilə birbaşa bağlansa da, bir sıra məqamlarda sanki sirli-sehirli aləmlərin ruh pıçıltıları şəklində təsirindən də yan keçə bilmir. “İsa bil, bir də çək çarmıxa məni”, “Dünyanın”, “Billəm”, “Getmədik”, “Yolların”, “Dənizə bənzər adam” və s. şeirlərində şair düşüncələri insan xəyalının sərhəd tanımayan intəhasızlığında bizi narahat edən, eyni zamanda, maraqlandıran məsələlərlə üz-üzə saxlayır. Nəticə etibarilə bu tipli nümunələrdə müəllif oxucunu “kiçik dünya”nın “böyük problemləri” ilə üz-üzə saxlamağı bacarır, orijinal deyim və ifadələr vasitəsilə diqqəti daha qlobal məsələlərə yönəldə bilir. Şairin özünəməxsus fəlsəfi münasibətlərini təfəkkür süzgəcindən keçirən oxucu həm düşünür, həm də dünya sirlərindən agah olmağa başlayır.
Dünya bir ağır şələdi,
Güc eləmə, boş yerədi.
Kim deyir ki, Yer kürədi,
Düşən qalxa bilmir axı...
və yaxud:
Gələndir, gedəndir varı dünyanın,
Ən böyük neməti tək adın-sanın.
Üzü Nuh nəbidən gələn insanın
Nəsibi bir əlçim bez idi, billəm.
Həyat hadisələrinə fəal müdaxilə şairin yaradıcılığı üçün xarakterik məsələlərdən biridir. Mahirə Nağıqızının bir vətəndaş-şair olaraq mənsub olduğu millətin taleyüklü məsələləri fonunda sinəsini qabağa verib öndə görünməsi və qələmini süngüyə çevirməsi sənətində milli təəssübkeşlik amillərinin bariz göstəricisi kimi diqqətdən yayınmır. Milli təəssübkeşlik və vətənpərvərlik ruhunda yazılmış şeirlərində keçmişdən bu günə, bu gündən gələcəyə ünvanlanan çağırış və haray səslərində Mahirə Nağıqızının ürəyində və zərif çiyinlərində gəzdirdiyi yükün ağırlığını, müsəlləh əsgər kimi döyüşə atılmaq istəyini, göynəyən yaralarını, düşmənə nifrətini və s. görmək və hiss etmək o qədər də çətin deyil. Çünki onun qələmindən qopan bu cür misralar gözü ilə gördüyü, ruhu ilə duyduğu, xəyalında qurduğu real poetik nümunələr kimi dəyərlidir.
Göynəyən yaraynan yatmaqmı olar,
Dərd, çara axtarır ahu-zarıynan.
Qəlbmi dözər buna, yaşadı ancaq
Dalıyca getdiyi arzularıynan.

Burda, Alxanlıda fəryad səsi var,
Bir ana çağırır haqqa dünyanı.
Almasa bədəlin erməni xunkar,
Boğar hamımızı Zəhranın qanı.
Elə bilirəm ki, Mahirə Nağıqızının Vətənə, Vətənin bütövlüyünə, Vətənin böyüklüyünə həsr edilmiş şeirlərində Vətən sevgisi intəhasızlığı hansı səviyyədədirsə, düşmənə nifrəti də sözün ifadə etdiyi mənadan üstün səviyyədədir. Ona görə də şairin vətənpərvərlik duyğularının ifadə olunduğu və düşmənə nifrət aşılanan şeirlərində “son döyüşə hazır ol” çağırışlı (həm də mövzulu) şeirləri daha çox diqqət çəkir. Bu tipli şeirlər şairin milli duyğu və milli istəyini əks etdirmək baxımından xarakterikdir:
Azərbaycan əsgəri yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,
Pir görüşün naminə son döyüşə hazır ol!

Sən Vətənin gücüsən, vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər oğlu,
Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,
O gəlişin naminə son döyüşə hazır ol!
Mahirə Nağıqızının şeirlərində müşahidə edilən vətəndaş cavabdehliyi və məsuliyyəti məsələləri onun poeziyasında bir poetik keyfiyyət olaraq şair fərdiyyətini əks etdirən ən xarakterik cəhətlərdən biridir. Onun yüksək mənəviyyatlı, qədirşünas insan olması, yaşadığı gündəlik həyat hadisələrinə özünəməxsus müdrik münasibəti, adilikdə (sadəlikdə) böyük mahiyyət axtarışları və s. keyfiyyətləri poeziyasındakı şair fərdiyyətinin estetikasından söz açmağa imkan verir. “Lap uzaqlara”, “Sənsən”, “Göyərər”, “Onun daş nağılı”, “Vətən”, “Qəlbimdə əkdiyim ağac”, “Əmanət eşq”, “Ad günün”, “Qalmaz”, “Heydər babanın dastanı”, “Atama”, “Sərhəd qapısı”, “Şəbnəmə”, “Sayın Yılmaz Çakaloğluna”, “Zəlimxan”, “Anama”, “Əliyə”, “Gülbəyaz nənə” və s. şeirlərində heç bir təmtəraq və hay-küy olmadan fərdiləşdirmə və ya ümumiləşdirmə yolu ilə poetik təəssüratlarını qələmə almış və şeiriyyət üçün vacib olan psixoloji incəlikləri ifadə edə bilib:
Musa Yaqub, göyərməyən nə var ki,
Baxma duzdu, gözün yaşı göyərər.
Göyərməyən qara daşın nisgili,
Baxta düşən qara daşı göyərər.
Geniş mövzu dairəsi ilə seçilən Mahirə Nağıqızının poeziyasında türk ruhuna, onun qəhrəmanlıq tarixinə, mənəvi ucalığına hörmət, bu gününə və gələcəyinə böyük inam bu sənətin bədii dəyəri ilə yanaşı, onun milli-estetik mahiyyətini xeyli artırır. Şair “haqq-ədalət qalası”, “elm-sənət gülzarı” hesab etdiyi türk yurdu və “ədaləti zülmətə işıq olan”, “yer üzünün ədalət carçısı hesab edilən” türklər haqqında danışarkən özünün lirik duyğularını ictimai mənalandırmada təqdim edir, öz keçmişinin qüruru ilə yaşamağından zövq alır. Mahirə Nağıqızı bir neçə min il öncə Altaylardan “yola çıxan” türkün Metenin, Atillanın, Alp Ər Tonqanın qüdrətilə artan şöhrətinə, Göytürklərin yaratdığı elm-sənət kəhkəşanına, türkün alqırmızı bayrağına, şəhid məzarlarına olan hörmət və salamlarını incə ruhlu bir türk qadınının öz şərəfli milli kimliyinə səcdəsi kimi təqdim etməyi bacarır:
Haqq-ədalət qalasıdır yaratdığın,
Keçmişinə ehtiramdır yaşatdığın.
Qılıncında, qələminlə ucaltdığın,
Alqırmızı bayrağına salam olsun.

Altaylardan gəzir hikmət sorağında
Andı odur – Tanrı durur dayağında.
Türkün oğlu, təpər olsun ayağında,
Hara getsən, güzarına salam olsun.
Əziz oxucu, kiçik bir yazıda formaca rəngarəng, məzmun və ideya baxımından zəngin olan Mahirə Nağıqızı poeziyasının özünəməxsus xüsusiyyətlərini geniş təhlil obyektinə çevirə bilməsəm də, təhlil prosesində bu sənət üçün xarakterik olan bir sıra cəhətləri əhatə etməyə çalışdım. Qeyd etməliyəm ki, çağdaş Azərbaycan poeziyasında məxsusi yeri olan, məhsuldar, eyni zamanda, orijinal yaradıcılıq irsinə sahib Mahirə Nağıqızının poeziyası özünün poetik bütövlüyü, dərin lirizmi, lirik-epik çalarların zənginliyi ilə fərqlənən ciddi poetik sənət kimi dəyərlidir. Şübhəsiz, Mahirə Nağıqızının şairlik istedadının təməlində gen, qan və ana südü ilə keçən poetik ruhun mövcudluğu ona poeziya sahəsində uğurlar qazandırdığı kimi, bundan sonra da şeirimizin inkişafı yollarında söz ilə əbədi yolçuluğunun davamlılığını təmin edəcəkdir. Böyük Şəhriyarımızın dediyi kimi: “Şair ola bilməzsən, anan doğmasa şair”.

Elm və təhsil 2021-01-09 11:54:00