×
A
A
A
Sazlamalar

2020-ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq

Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrin bəziləri acı, bəziləri isə şirin xatirə kimi yaddaşlara həkk olunub. Bu müddət ərzində ölkəmizin beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlib. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanın dünya birliyində qazandığı uğurlar daha yaddaqalan olub. Qısa müstəqillik tarixində bir sıra nüfuzlu beynəlxalq qurumlara sədrlik etmək, kosmik ailənin üzvü olmaq, orbitə süni peyk buraxmaq, dünyanın ən qüdrətli 50 ordusundan birini formalaşdırmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə bu uğurları əldə edib.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə deyib ki, ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra xalqımızı ən çox narahat edən məsələ Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli olub. Ancaq dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə problem yaradıb. Digər tərəfdən, ermənipərəst qüvvələrin Azərbaycana təzyiq və təhdidləri də işğalçı ölkəni getdikcə quduzlaşdırıb. Nəhayət, 30 il davam edən ədalətsizliyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdırdığı rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində son qoyuldu. 2020-ci il noyabrın 10-da Ermənistan təslim olduğunu rəsmən elan etdi və kapitulyasiya aktını imzaladı. Bir ay sonra isə – dekabrın 10 da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlət kimi dünya tarixinə düşdü.
2020-ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də dövlətimizin başçısı bunu xüsusi olaraq vurğuladı. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekununun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu diqqətə çatdıran Prezident Azərbaycanın 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Ermənistanı məğlub etdiyini bir daha bildirdi. Bu məğlubiyyətin nəticəsində Ermənistanın məcbur olub kapitulyasiya aktına imza atdığını, təslim olduğunu vurğulayan dövlət başçısı hətta 3 rayonumuzun bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldığını bildirdi. Qeyd olundu ki, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və bu, hərbi yollarla həll edildi. Halbuki beynəlxalq vasitəçilər, o cümlədən bütün aparıcı beynəlxalq təşkilatlar uzun illər idi ki, münaqişənin hərbi həllinin olmadığını iddia edirdilər. Dövlətimizin başçısı isə deyirdi ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Ancaq işğalçı ölkə öz təxribatlarından, terror aktları törətməkdən, günahsız insanları qətlə yetirməkdən əl çəkmirdilər. Son vaxtlar isə sərhədboyu ərazilərimizi mütəmadi olaraq ağır artilleriya atəşinə tuturdu. Bunun isə sonu olmalı idi. Torpaqlarımız əbədi olaraq işğalda qala bilməzdi.
Ölkə Prezidenti 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bir daha xatırlatdı ki, müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq: “Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu”.
Şanlı Qələbəmizin qazanılmasında mühüm amillərdən biri də siyasi həmrəylik, xalqın dövlət başçısının ətrafında sıx birləşməsi oldu. Bu, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə də diqqətə çatdırıldı. Bu birlik, iqtidar-müxalifət münasibətlərində yeni mərhələ 2020-ci ilin fevral ayında ölkəmizdə keçirilən parlament seçkiləri zamanı özünü daha qabarıq şəkildə büruzə verdi. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. Bunu Milli Məclisin rəhbər orqanlarının, yenilənməsi də təsdiqlədi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi də demokratik proseslərin inkişafına verilən önəmin göstəricisi did. Bu, həm də yeni siyasi mədəniyyətin təzahürü idi.
Bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş bu ciddi addım sentyabrın 27-də işğalçı Ermənistanın başladığı müharibə zamanı özünü daha aydın şəkildə büruzə verdi. Həmin vaxt ölkəmizdə qeydiyyatdan keçmiş 52 siyasi partiyanın 50-si birgə bəyanat imzalayaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini və dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan etdi. Prezident öz nitqində bu məsələni də diqqətə çatdırdı və qeyd etdi ki, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldu. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Dövlət başçısı siyasi dialoqda iştirak etməyənlərə kəskin iradını bildirdi. Qeyd etdi ki, onlara siyasi qüvvə deyə bilmərəm: “Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər, birmənalı olaraq, bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.
2020-ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq. Otuz ilə yaxın müddətdə işğal altında olan ərazilərimiz azad edilib. İndi həmin ərazilərdə abadlıq-quruculuq işlərinin başlanılmasına hazırlıq görülür. İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış başlanacaq.

Daxili siyasət 2021-01-08 14:49:00