×
A
A
A
Sazlamalar

Böyük tarixi zamana bərabər olan bir il

Bakı, 29 dekabr, AZƏRTAC

2020-ci il yekunlaşmaq üzrədir. Hər ilin sonunda ötən günlərin təhlilini aparıb götür-qoy edirik. Mənfisi də, müsbəti də hafizəmizə həkk olunur. İnsan ömrü baxımından istənilən il ciddi zaman ölçüsüdür. Xalqların və dövlətlərin tarixinə yanaşmada isə əksər illərin anlamı bir göz qırpımı deməkdir. Lakin elə illər də var ki, böyük zaman kəsiyinin nəticələndirilməsi və ona qiymət verilməsi baxımından tarixi əhəmiyyətə malik olur. 2020-ci il Azərbaycan dövlətinin tarixində və xalqımızın yaddaşında məhz belə illərdəndir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.
Ülvi Quliyev deyib: “Uzaq tariximizə ekskurs etmədən əminliklə deyə bilərik ki, 2020-ci il 32 illik Ermənistan-Azərbaycan münaqişəsinin nəticələndirilməsində, 28 illik hərbi işğalın aradan qaldırılmasında həlledici - Zəfər ili statusuna malikdir. Ermənistan-Azərbaycan münasibətlərinə daha böyük tarixi rakursdan yanaşdıqda isə 2020-ci il iki yüz illik erməni terroruna, erməni təcavüzünə, azərbaycanlıların soyqırımına xalqımızın layiqli cavabı, dövlətimizin verdiyi tarixi dərs ilidir. Uydurulmuş erməni miflərinin dağıdılması, gömülməsi ilidir. Necə ki, ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlarımızda tarixi, mədəni və dini abidələrimizi dağıdıblar, necə ki, əsrlərboyu qurub-yaratdıqlarımızı və dədə-baba qəbirlərimizi viran qoyublar, necə ki, Qarabağı çöllü-biyabana çeviriblər, eləcə də 2020-ci il erməni ordusunun məğlubedilməzliyinə və qədim erməni mədəniyyətinə dair miflərin yerlə-yeksan edilməsi ili oldu. Eyni zamanda, 2020-ci il bütün dünyaya əyani şəkildə göstərdi ki, ermənilər Qarabağ torpağında etdikləri vəhşiliklərə, Gəncə və Bərdənin, Tərtər və Mingəçevirin mülki əhalisinə qarşı törətdikləri müharibə cinayətlərinə və ilk növbədə, Xocalı soyqırımına görə mədəni millət adına iddia edə bilməzlər.
2020-ci il dövlətçilik tariximizə və xalqımızın yaddaşına düşmən üzərində tarixi Qələbə və hərbi Zəfər ilimiz kimi həkk olundu. Bu ilin təcəssüm etdirdiyi ən böyük tarixi nailiyyətlərimizdən biri ümumxalq birliyimizlə bağlıdır. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, Qələbəmizin arxasında etnik mənşəyindən, siyasi mənsubiyyətindən, dini əqidəsindən və sosial statusundan asılı olmayaraq, Prezidentlə xalqımızın həmrəyliyi dayanır.
Keçilən tarixi yola dəyər verilməsi baxımından 2020-ci il həqiqətən həlledici əhəmiyyətə malikdir. Bu yolda 2016-cı ilin Aprel döyüşləri də var. Ermənistanla hərbi qarşıdurmada bu döyüş tarixi dönüş nöqtəsi demək idi. Diplomatiya müstəvisində siyasi dönüş isə 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında baş tutdu. Ermənistan rəhbərliyi ilə keçirilən ilk ictimai debatda Prezident İlham Əliyev əsl dövlət xadimi və yüksək intellekt sahibi kimi bütün dünyaya göstərdi ki, qarşısında əyləşən rəqibi mayası tarixi saxtakarlıq və işğalçılıq siyasəti üzərində yoğurulmuş bir dövlətin başçısıdır, eyni zamanda, ölçüsü əyninə uyğun gəlməyən “dar demokrat libaslı” populist və qeyri-ciddi siyasət daşıyıcıdır...
Bir daha o fikrə qayıdıram ki, 2020-ci il dövlətçilik tariximizdə və xalqımızın yaddaşında bir göz qırpımı ilə eyniləşdirilən illərdən deyil, daha böyük tarixə bərabər tutulan zaman vahididir. Belə illər istənilən dövlətin, istənilən xalqın həyatında az-az olur. Fikrimi tam ifadə etmək üçün bir analogiya aparmaq istərdim. Yaşadığımız illərin hər biri şəxsi həyatımıza sevincli anlar da gətirə bilir, kədərli günlər də. Bunları yaşadıqca, özümüzə verdiyimiz izahat belə olur ki, alın yazısıdır, belə olmalı imiş. İnanırıq və haqlı olaraq özümüzü inandırırıq ki, həyatda heç nə təsadüfi baş vermir, etdiyimiz əməllərin müqabilində yaxşı və ya pis qarşılığını yaşamağa məhkumuq. Böyük siyasətdə, ələlxüsus dövlət idarəçiliyində təsadüflər ümumiyyətlə istisnadır, təsadüflərin də yalnız zərurətdən doğduğu isbata ehtiyacı olmayan həqiqətdir, aksiomadır. 2020-ci ildəki hərbi Zəfərimiz də tarixi zərurətin nəticəsidir. Bu nəticənin arxasında son 17 il ərzində müzəffər Ordu quruculuğuna sərf olunmuş gərgin əmək, iqtisadi və siyasi dayanıqlılığın təmin edilməsi, vətənpərvərlik ruhunun bugünkü səviyyəyə qaldırılması, diplomatiya müstəvisində və dövlətlərarası münasibətlərdə strateji müttəfiqlərin düzgün seçilməsi, bütün bunları həyata keçirməklə Qələbəyə ümumxalq inamının təminatçısına çevrilən cənab İlham Əliyevin bir Prezident kimi sarsılmaz siyasi iradəsi, Ali Baş Komandan kimi sərkərdə qətiyyəti dayanır. Ən böyük gücümüz isə, şübhəsiz ki, Prezident və Xalq vəhdətidir, Ali Baş Komandan və müzəffər Ordumuzun söykəndiyi ümumxalq birliyimizdir.
Prezident İlham Əliyev dekabrın 24-dəki açıqlamasında tarixi nöqteyi-nəzərdən 2020-ci ili bu cümlələrlə şərh etdi: “Bu il bizim üçün çox uğurlu olub. Tarixi Qələbə qazanmışıq, Zəfər çalmışıq. Torpaqlarımızı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olub, şəhidlər vermişik. Gənc övladlarımız Vətən uğrunda, torpaq uğrunda həlak olub şəhidlik zirvəsinə ucalmışlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin ...Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək, dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır. Əminəm ki, Azərbaycan xalqı müharibə dövründə olduğu kimi, bu quruculuq işlərində də birlik, həmrəylik göstərərək, öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcək”.
Cənab Prezidentin böyük səmimiyyətlə söylədiyi bu fikirləri səmimi qəlbdən bölüşürəm və bir daha təkrar edirəm: Allah şəhidlərimizə rəhmət eləsin, yaralı həmvətənlərimizə şəfa, qazilərimizə uzun ömür versin. Şəhidlərimizin müqəddəs ruhları və onların doğmaları, qazilərimizin qarşısında borcumuz əbədidir.
Prezidentimizin qeyd etdiyi kimi, Qarabağda xalqımızı böyük quruculuq işləri gözləyir. Arzu edirəm ki, yeni tarixi mərhələdə dövlətimizin başçısı tərəfindən müəyyən edilən bütün hədəflərə nail olaq, Qarabağı yenidən cənnəti-məkana çevirib təbii gözəlliyi ilə ahəngdar şəkildə dünyaya təqdim edək. Arzu edirəm ki, ümumbəşəri bəla olan pandemiyadan mümkün qədər az itkilərlə çıxaq, bütün qalan problemlərimizi də uğurla həll edək. Arzu edirəm ki, dövlətimiz həmişə bugünkü qədər güclü, ümumxalq birliyimiz bundan sonra da dünya xalqları üçün istinad nümunəsi olsun!”.

Daxili siyasət 2020-12-29 10:57:00