×
A
A
A
Sazlamalar

Fransa prezidenti bu ölkədəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun başladığı hərbi təxribata Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab verildi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan ərazilərimizin rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində azad edilməsi dünyanın əksər ölkələri tərəfindən rəğbətlə qarşılandı. Çünki Azərbaycan öz ərazisində vuruşdu, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü təmin etdi. Lakin bəzi qərəzli beynəlxalq təşkilatlar, Ermənistanın havadarları, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın prezidenti Emmanuel Makron bu haqq işini həzm edə bilmədi.
Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra Fransa, xüsusilə bu ölkənin prezidenti Makron məsələni yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. Bu ölkənin həm Azərbaycan Ordusunun əks-hücum əməliyyatları dövründə, həm də 10 noyabr Bəyanatının imzalanmasından sonra nümayiş etdirdiyi mövqe Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizliyinə olan şübhələri ciddi şəkildə gücləndirir.
Fransa, onun prezidenti, Milli Assambleyası və Senatı özünün əsl ermənipərəst simasını artıq açıq şəkildə ortaya qoydu. Bu vaxta qədər Minsk qrupunun pərdəsi altında gizlənməyə cəhd göstərən fransızlar Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra iç üzlərini açmağa başlayıblar. Emmanuel Makronun sentyabrın 30-da Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat heç kimin yadından çıxmayıb. Onun qərəzli bəyanatı ölkəsinin Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası ilə uyğun gəlmirdi, birtərəfli və qərəzli idi. O, Fransanın öz üzərinə götürtdüyü vasitəçilik missiyasını unudaraq ermənilərin yanında duran mövqe kimi çıxış edir, özünü işğalçıların vəkili kimi aparır. Makronun bu bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə yox, münaqişənin daha da alovlanmasına xidmət edirdi. Onun verdiyi bəyanatdan açıq-aydın hiss olunurdu ki, Fransa işğalçının müdafiəsinə qalxıb.
İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüququn norma və prinsiplərinə görə fərqli münasibət göstərməyən Fransa prezidentinin qərəzli və siyasi etik qaydalarına sığmayan, beynəlxalq hüququn norma və prinsiplərinə zidd bəyanatı onu göstərir ki, bu ölkə Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirmək funksiyasını çoxdan itirib.
Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı məlumatlar Fransanın öz qərəzli siyasətini həyata keçirməkdə israrlı olduğundan xəbər verirdi. Bu məsələdə də Makronun razılığı olmuşdu. Xatırladım ki, Fransa Senatı və Milli Assambleyası da bu istiqamətdə beynəlxalq hüququn normalarına zidd qətnamə qəbul ediblər.
Fransa 27 sentyabrdan bu günədək yüksək səviyyədə səslənən bəyanatlar verməklə Ermənistana birmənalı dəstək ifadə edən addımları ilə münaqişəyə münasibətdə neytral mövqedən çıxış etmədiyini artıq sübut edib. Bu ölkə bütün vasitələrlə münaqişənin yenidən alovlanmasına cəhd edir. Artıq Makronun iç üzü, ermənipərəst mövqeyi və ATƏT-in Minsk qrupunu ermənisevərliyinə qurban verməsi bəlli olub. O, müharibənin davam etdiyi bir zamanda işğalçı ölkənin baş naziri Nikol Paşinyana SMS-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Prezidentlik kürsüsünü qoruyub saxlamaq üçün erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa prezidenti noyabrın 10- da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli Bəyanat – kapitulyasiyadan bir neçə gün sonra erməni icmasının nümayəndələri ilə naharda iştirak edibmiş. Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.
Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Görünür, Ermənistan baş nazirinin bu bəyanatı imzalaması ermənilərdən daha çox Makronu yandırıb-yaxıb. Belə olmasaydı, deməzdi ki, Paşinyan bu sənədi imzalayanda niyə onunla əlaqə saxlamayıb və bu sənəd barəsində onu məlumatlandırmayıb. Makron deyib: “Axı, mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”. Belə yerdə sual olunur: Yəni doğrudanmı Makron bu vaxta qədər ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin vəzifəsinin nədən ibarət olduğunu hələ də dərk edə bilmir? Məgər bu qrup münaqişənin nizamlanması missiyasını özü üzərinə götürməyibmi? Bəlkə Makrona elə gəlir ki, Minsk qrupu münaqişəni daha da alovlandırmaq məqsədilə yaradılıb?
Makronun bu açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür. Onun bütün bəyanatlarından, çıxışlarından aydın şəkildə görünür ki, Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını yalnız işğalçı ölkənin maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Fransa prezidentinin bu açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, bu ölkə ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Bütün bunlar bir daha təsdiqləyir ki, Fransa prezidenti bu ölkədəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq məğlub Ermənistanın vəkili kimi çıxış edir.
Bütün bunların heç bir faydası yoxdur. Çünki artıq Azərbaycan dünyada qalib ölkə kimi qəbul edilir və XXI əsrdə Zəfər paradı keçirən ilk və yeganə dövlətdir.

Daxili siyasət 2020-12-28 15:14:00