×
A
A
A
Sazlamalar

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası yeni layihələri müzakirə edib

Bakı, 25 dekabr, AZƏRTAC
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bu ölkələrdə yaşayan və fəaliyyət göstərən gənc soydaşlarımızla videokonfrans təşkil edib.
Diaspora İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir 44 günlük Vətən müharibəsində şəhid olan hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya, İsveç və Norveç üzrə əlaqələndiriciləri Ülviyyə Cabbarova, İradə Əliyeva Söderberq, Ramil Əliyev və fəal gənclər müharibə ərzində ölkəmizin və Ordumuzun dəstəklənməsi istiqamətində görülən işlərin nəticələrini, regional əməkdaşlığın perspektivlərini və yeni layihələri müzakirə ediblər. Gənclərin yaşadıqları ölkələrdə Azərbaycanı hansı şəkildə təmsil etmələri və Vətənimizi gələcəkdə necə görmək istədikləri barədə geniş fikir mübadiləsi aparılıb.
2021-ci ildə Skandinaviya ölkələrində fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəblərinin və kursların müəllimlərinin ümumi toplantısının, diaspor üzvləri üçün siyasət və seçki mövzusunda seminarların keçirilməsi, işğaldan azad olunmuş torpaqlarımızda baş vermiş erməni vandalizmini əks etdirən fotosərginin və gənclərimizin tarixi Vətənlərinə səfərlərinin təşkili qərara alınıb.
Videokonfransın sonunda pianoda vətənpərvərlik mövzusunda əsərlər ifa edən və şeirlər söyləyən gənclərimiz 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə soydaşlarımızı təbrik ediblər.

Diaspor 2020-12-25 11:48:00