×
A
A
A
Sazlamalar

Avropada yaşayan azərbaycanlı gənclər avropalı deputatlara etiraz məktubu ünvanlayıblar

Bakı, 24 dekabr, AZƏRTAC

Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti, Xarici əlaqələr komitəsi və Avronest Parlament Assambleyasının deputatları da daxil olmaqla, 250-dən çox deputata məktub ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Avropa Parlamentində üç deputatdan ibarət Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılması təşəbbüsünə etiraz edilib. Məsələnin bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından məyusedici hal olduğu qeyd edilməklə yanaşı, onun beynəlxalq hüquq, eləcə də BMT və Avropa İttifaqının (Aİ) Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə dair sərgilədikləri mövqe ilə birbaşa ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır. Bu təşəbbüsün Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında barışıq və dinc yanaşı yaşama perspektivlərinə, habelə Aİ-nin qonşuluğundakı bu vacib bölgənin iqtisadi inkişafına maneə olduğu qeyd edilib.
Məktubda Avropa Parlamenti və Avropa Xalq Partiyasının bölgədə düşmənçilik və qisasçılığa qarşı çıxaraq sülh və barışığa dəstək verəcəyinə ümid ifadə olunub.

Diaspor 2020-12-24 11:57:00