×
A
A
A
Sazlamalar

Azərbaycanın tarixi Qələbəsi Prezident İlham Əliyevin nə qədər güclü lider olduğunu bir daha təsdiqlədi

Bakı, 23 dekabr, AZƏRTAC

“Mən ona özüm qədər inanıram...” Ulu öndər Heydər Əliyevin 17 il əvvəl – 2003- cü ildə ölkəmizdə keçirilmiş prezident seçkiləri ərəfəsində xalqa müraciətində yer almış bu fikir bu gün özünü bütün sahələrdə doğruldub. Həmin seçkilərdə xalqın 76,84 faiz səsini qazanan Prezident İlham Əliyev o vaxtdan başlayaraq ölkəmizin inkişafı, dünya birliyinə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətimizin başçısının qarşıya qoyduğu prioritet vəzifələrdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi.
Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində qəti mövqeyini bildirərək demişdir: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir”.
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov AZƏRTAC-a bildirib ki, ölkədə yeni rəhbərliyə başlayan Prezident İlham Əliyevin qətiyyətlə səsləndirdiyi bu fikirlər xalqın gələcəyə olan inamını artırdı. Qaçqın və məcburi köçkün soydaşlarımızda doğma ata- baba yurdlarına qayıdacaqları ümidi alovlandı. Eləcə də işğal altında olan ərazilərimizin azad olunacağı əminliyini yarandı. Axı bu fikri ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyev səsləndirmişdi. Həm də ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətindəki “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək” fikri bu inamı daha da möhkəmləndirmişdi.
K.Seyidov qeyd edib ki, hələ prezidentliyinin ilk illərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən Prezident İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa, hərb yolunun da istisna olunmadığını beynəlxalq tribunalardan səsləndirmişdi. Zaman etibarilə qısa müddətə ölkəmizin beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil ordusu yaradıldı, müasir silah-sursat və döyüş texnikaları ilə silahlandırılaraq, NATO nümunəsində ordu quruculuğu həyata keçirildi. Biz ordumuzun hansı gücə qadir olduğunun 2016-cı ilin Aprel döyüşlərində şahidi olduq. Cəmi 4 gün davam edən döyüşlərdə Silahlı Qüvvələrimiz işğalçı Ermənistan ordusunu darmadağın etdi. Uzun illər özünü yenilməz ordu kimi göstərən təcavüzkarlar silah-sursatlarını atıb qaçdılar. Həmin döyüşlərdə Azərbaycan Ordusu 25 ildən artıq müddətdə işğalda qalmış 2 min hektardan artıq ərazini, strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi.
İki il sonra – 2018–ci ildə Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı işğaldan azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə müzəffər ordumuzun nəzarəti altına keçdi. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektarlıq ərazi azad olundu. 2020–ci ilin iyulunda Ermənistan ordusunun Tovuz rayonu ərazisində təxribat törətmək cəhdinin qarşısı alındı və bu dəfə də Silahlı Qüvvələrimiz işğalçılara ağır zərbə vurdu.
Sentyabrın 27- də işğalçı Ermənistan ordusunun yenidən başladığı müharibə 44 gün davam etdi və ordumuz tarixi Qələbə qazandı. Bununla da işğal altındakı bütün ərazilərimiz düşməndən azada edildi və Azərbaycanın bütövləşməsi rəsmən təmin olundu. Bütün bunları xatırlatmaqda məqsəd 2003- cü ildə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin “Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir” fikrinin 17 ildən sonra reallığa çevrildiyini diqqətə çatdırmaqdır.
Bu müddət ərzində ordu quruculuğu, siyasi, iqtisadi, mədəni sahələrdə baş vermiş inqilabi dəyişikliklər, sürətli inkişaf Azərbaycanı dünya birliyinin layiqli üzvlərindən birinə çevirdi. Son 17 il ərzində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirən xeyli sayda faktlar sadalamaq olar. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq, BMT Təhlükəsizlik Şurasına qeyri-daim üzv seçilməsi beynəlxalq baxışın yüksək səviyyədə olduğunun təsdiqidir. Ölkəmiz müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə də bu inamı nümayiş etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edildi. Məhz bu illərin özü Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna bir işıq salır. Dünya dövlətləri, həmçinin İslam aləmi ilə əməkdaşlığı xarici siyasətimizin prioritetini təşkil edir. Bunu Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməmiz də təsdiqləyir.
2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, eyni zamanda, mədəniyyətlər və dinlərarası dialoq forumlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəlməsinin daha bir göstəricisidir. Dövlətimizin başçısı da bunu yüksək dəyərləndirərək deyib : “Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir, hətta, kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Dövlətimizin başçısı qəti olaraq bildirib ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb, bundan sonra da bu yolla gedəcəyik”.
Son 17 ildə ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində xalqın fəal iştirakı, həyata keçirilən siyasətə dəstəyi davamlı inkişafa geniş yol açan mühüm amillərdəndir. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda, Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinə bu dövrdə dəfələrlə edilən əlavə və dəyişikliklər də təkmilləşməyə, yeniləşməyə verilən önəmdən qaynaqlanır. Bu faktlar bir daha təsdiqləyir ki, ölkəmizdə demokratik prinsiplərin inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılıb. Bunu son vaxtlar siyasi partiyalarla sıx əməkdaşlıq, dialoqlar, yeni partiyaların qeydə alınması, ofislə təmin olunması və digər amillər də təsdiqləyir.
Vətən müharibəsində 50 siyasi partiya birgə bəyanat imzalayaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir. Bu, dövlət başçısına olan inam və etimadın bariz nümunəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi daxili və xarici siyasətin xalq tərəfindən dəstəklənməsini təsdiqləyən faktdır.
44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm Qələbəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin güclü lider olduğunu bir daha təsdiqlədi. Fikrimi Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duqinin sözləri ilə tamamalayıram: “Düşünürəm, hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır”.

Daxili siyasət 2020-12-23 14:34:00