×
A
A
A
Sazlamalar

İspaniya portalı Xankəndinin adının necə dəyişdirilməsindən yazıb

Bakı, 23 dekabr, AZƏRTAC

İspaniyanın www.tuvozenpinares.com xəbər portalında “Xankəndi necə Stepanakert oldu?” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov və Valensiyadakı Azərbaycanlılar Birliyinin sədri Mübariz İbrahimovun fikirləri əsasında hazırlanıb.
Müəlliflər Xankəndinin tarixi haqqında məlumat verib, Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda yerləşdirildiyini, amma Xankəndi adının yalnız sovetlər dönəmində Stepanakert olaraq dəyişdirildiyini vurğulayıblar. Qeyd edilib ki, bu addımı 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirov atıb. Diqqətə çatdırılıb ki, şəhər 20 mindən çox azərbaycanlının qətlinə şəxsən rəhbərlik etmiş, Bakıda sovet kommunist diktaturasını yaratmış Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb.
Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, ölkəmizin bu bölgəsində yaşayan azərbaycanlıların etnik təmizləmələrə və soyqırımına məruz qalmaları, daha sonra bölgə ətrafındakı 7 rayonun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi barədə ətraflı məlumat verilib.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və işğalçı Ermənistan ordusunun bu ərazilərdən çıxarılması ilə bağlı diplomatik danışıqların nəticə vermədiyi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmadığı bir dönəmdə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz rayonu istiqamətində hərbi təxribat törətdiyi bildirilib. İşğalçı Ermənistan ordusunun sentyabr 27-də isə bütün cəbhəboyu genişmiqyaslı hücuma keçməsi 44 günlük müharibənin başlanmasına gətirib çıxarıb.
Müharibə zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğalçılardan azad etdiyi və parlaq Qələbə qazandığı bildirilib. Qeyd edilin ki, 10 noyabr tariximizə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şərəfli Zəfər Günü kimi yazılıb. Qarabağ Azərbaycandır!

Diaspor 2020-12-23 11:11:00