×
A
A
A
Sazlamalar

BP “InnoWeek” tədbirinin sponsoru olmaqdan məmnundur

Bakı, 18 dekabr, AZƏRTAC

BP hazırda Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya həftəsi” (14-19 dekabr 2020-ci il) tədbirinin sponsoru olmaqdan çox məmnundur.
“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, şirkət bu tədbir çərçivəsində baş tutan “World Net Summit” beynəlxalq konfransını artıq 2-ci dəfədir dəstəkləyir. Layihənin məqsədi ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.
BP bu sponsorluğu təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə o cümlədən innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru fəaliyyəti istiqamətləndirəcək və ölkədəki texnoloji inkişaf və yeniliklərə töhfə verəcək yeni nəsil mütəxəssislərin yetişdirilməsi səylərinə dəstəyi çərçivəsində həyata keçirir.
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı və ölkədə fəaliyyət göstərən ən böyük investorlardan biri kimi BP çox sayda iri sosial investisiya layihələrinə dəstək verir. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir.
Təkcə bu ilin 3 rübü ərzində BP müxtəlif sosial layihələr vasitəsilə ölkəyə 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub. Buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon dollar həcmində töhfəsi də daxildir. Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 min ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımi laborator sərfiyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib. Bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir. Bundan əlavə, ölkəyə BP-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100 min AZN-dən çox vəsait və BP Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10 min dollar dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb.

İKT 2020-12-18 14:10:00