×
A
A
A
Sazlamalar

Azərbaycanda kiberhücumların sayı iki dəfədən çox artıb

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycanda uzaqdan giriş protokolu üzərindən edilən hücumların sayı iki dəfədən çox artıb.
“Kaspersky” şirkətindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə şirkət uzaqdan işləməyin təşkili üçün nəzərdə tutulan RDP (Remote Desktop Protocol) protokolu üzərindən edilən hücumlarda əhəmiyyətli bir artım olduğunu qeyd edib. Şirkətin "Uzaqdan iş - ilin hekayəsi" hesabatına görə, yanvar-noyabr ayları arasında Azərbaycanda 2,2 milyon belə hücum qeydə alınıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Mütəxəssislər bunu işçilərin məsafədən iş rejiminə kütləvi keçidi ilə izah edirlər: RDP üzərindən qoşulmaların sayı artıb ki, bundan da təcavüzkarlar istifadə edib. Fevral ayında, yəni sərt karantin tətbiq edilməzdən əvvəl RDP üzərindən edilən hücumların sayı 167 min, mart ayında məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi ilə 283 min idi. Noyabr ayında isə bu rəqəm təxminən 200 minə bərabər olub.
Bir qayda olaraq, RDP hücumu zamanı kibercinayətkarlar avtomatlaşdırılmış alətlərdən, eyni zamanda, geniş yayılmış və təhlükəyə açıq şifrələrdən ibarət məlumat bazalarından istifadə edərək istifadəçi adını və şifrəni ələ keçirməyə çalışırlar. Uğurlu olduqda hücumun hədəf aldığı kompüterə uzaqdan giriş əldə edilir.
Hesabata görə, kibercinayətkarlar zərərli proqramları yaydıqları adlar altında messencerlər və video və konfrans xidmətlərinin populyarlığından da fəal şəkildə istifadə ediblər. 2020-ci ildə şirkət dünya miqyasında bu şəkildə maskalanmış təqribən 1,7 milyon unikal zərərli sənəd aşkar edib. Çox vaxt bu fayllar yükləyicilər və ya reklam proqramları - qurbanın cihazını istənilməyən reklamlarla dolduran və üçüncü şəxslərə ötürmək üçün onun şəxsi məlumatlarını toplaya bilən proqramlar olub.

İKT 2020-12-16 16:25:00