×
A
A
A
Sazlamalar

Düzgün qidalanmamaq orqanizmi istənilən virus infeksiyası qarşısında aciz qoyur

Bakı, 11 dekabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə bəzən həm sağlam qidalanmadan, həm də pəhriz saxlamaqdan imtina edənlər olur. Düzgün qidalanmamaq isə artıq çəkiyə və bəzi xəstəliklərin yaranmasına səbəb olur.
Pəhriz saxlamaq istəyənlərin diqqət yetirməli məsələlərindən danışan həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Düzgün qidalanmamaq, kortəbii diyetalar, arıqlamaq üçün qəbul edilən dərmanlar immun sistemini o qədər zəiflədir ki, orqanizm istənilən virus infeksiyası qarşısında acız qalır. Pandemiya dövründə immuniteti zəif olan, siqaret çəkən, arıqlamaq üçün dərmanlar istifadə edən və mədəkiçiltmə əməliyyatına məruz qalanlar xüsusilə ehtiyatlı olmalıdırlar”.
Həkim-diyetoloqun dediyinə görə, pandemiya zamanı, həmçinin stresdə olarkən diyeta saxlamaq çətinlik yaradır, eyni zamanda, immun sisteminə də mənfi təsir göstərir. Ən vacib şərtlərdən biri isə gündə üç dəfə düzgün qidalanmaqdır: “Səhər, günorta və axşam yeməyi mütləq vacibdir. İmmunitet sisteminin aktivləşməsi üçün səhər qəbul edilən qidaların əhəmiyyəti çox böyükdür. Saat 7-dən 9-a qədər qəbul edilən səhər yeməyi zamanı rasionda mütləq meyvə-tərəvəzlər də olmalıdır. Xüsusilə C vitamini ilə zəngin olan narıngi və portağal qəbulu vacibdir. Bununla yanaşı, tərkibində A və E vitamini olan, eləcə də B qrupu vitaminləri, dəmirlə zəngin meyvələrə üstünlük verilməlidir. Kəskin respirator virus infeksiyalarının yayıldığı dövrdə süfrədə qırmızı ət, balıq əti, proteinlə zəngin qidalar olmalıdır. Axşam saatlarında orqanizm ağırlaşır, qanda şəkərin səviyyəsi yüksəldiyindən təzyiq də arta bilər, ona görə də yüngül qidalar qəbul edilməli, çoxlu maye içilməlidir”.

Sağlamlıq klubu 2020-12-11 12:11:00