×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidlərinin xatirəsi Helsinkidə ehtiramla yad edilib

Bakı, 9 dekabr, AZƏRTAC

Finlandiyada fəaliyyət göstərən Azəri-Türk Gənclər Təşkilatının və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Helsinki şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, video formatda keçirilən anım tədbiri zamanı torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan əsgərinin və zabitinin misilsiz qəhrəmanlığına şahid olub. Ümummilli liderimiz Heydər Əliyevin “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi hər birimiz üçün əzizdir və qəlbimizdə daim yaşayacaqdır" fikrini xatırladan diaspor rəhbəri qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və onların xatirəsini daim uca tutacaq.
Tədbir Vətən müharibəsində çiyin-çiyinə döyüşən mayor Çingiz Qəhrəmanov və oğlu Rəşad Qəhrəmanzadəyə həsr olunmuş videoreportajın nümayişi ilə yekunlaşıb.

Diaspor 2020-12-09 13:53:00