×
A
A
A
Sazlamalar

Britaniyadakı soydaşlarımız ingilis deputatın ermənipərəst addımına etiraz ediblər

Bakı, 9 dekabr, AZƏRTAC
Böyük Britaniya Krallığında yaşayan azərbaycanlı icmasının üzvləri Vestminister sarayında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirənin təşkil edilməsinə etirazlarını bildiriblər.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Britaniya–Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahovanın imzası ilə parlamentarilərə ünvanlanan məktubda qeyd edilib ki, 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatın imzalanması nəticəsində 6 həftəlik müharibəyə və çoxsaylı insan tələfatına son qoyulmasına baxmayaraq, dünyadakı, o cümlədən Böyük Britaniyadakı erməni diasporu və ermənipərəst siyasi xadimlər bilərəkdən bu prosesi pozmağa çalışırlar. Buna nümunə olaraq Böyük Britaniya parlamentinin deputatı, Birləşmiş Krallıq-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri Tim Loutonun dekabrın 8-də Vestminister sarayında Dağlıq Qarabağ müzakirələrini təşkil etmək təşəbbüsü göstərilib.
Soydaşlarımız xatırladıblar ki, "Sabahın xeyir, Britaniya" şousunun 29 oktyabr tarixli buraxılışında çıxışı zamanı Louton yolverilməz və uydurma fikirlər söyləməklə məsələyə qərəzli, haqsız və ədalətsiz şəkildə yanaşdığını sübut edib.
Məktub müəllifləri nəzərə çatdırıblar ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, Azərbaycanın ərazi bütövlüyü BMT-nin üzv dövlətləri, o cümlədən Böyük Britaniya tərəfindən tanınır və ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnaməsinin olduğu, Ermənistanın 30 ilə yaxındır Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi faktları barədə Loutonun susduğuna diqqət cəlb edilib.
Müzakirələrin beynəlxalq hüquqa deyil, erməni diasporunun cəmiyyəti çaşdırmaq niyyətinə xidmət edəcəyindən narahatlıq hissi keçirdiklərini vurğulayan soydaşlarımız deputatları bu debatlara qatılmağa, Qarabağ həqiqətlərini və beynəlxalq hüququn tələblərini fəal şəkildə dilə gətirməyə çağırıblar.

Diaspor 2020-12-09 13:10:00