×
A
A
A
Sazlamalar

Müharibənin nəticəsinə təsir edən faktorlar (İkinci Qarabağ müharibəsinin nümunəsində)

Bakı, 7 dekabr, AZƏRTAC

“Müharibənin başa çatması” (War termination) nəzəriyyəsinə görə, müharibənin müddəti və nəticəsi məqsədlərdə güzəştə getmək istəyi ilə sıx bağlıdır. Bu istəyin özünü də müharibənin gedişi müəyyənləşdirir. Liderlər qarşı tərəfin güzəştə getməsinə təsir edən amilləri – gücü, qətiyyəti və maliyyə resurslarını dəyərləndirməklə öz tələblərini dəyişdirə, hərbi nəticələr barədə gözləntilərin döyüş meydanında özünü doğruldub-doğrultmamasından asılı olaraq müharibə məqsədlərini yenidən nəzərdən keçirə bilərlər. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində Ermənistan rəhbərliyini kapitulyasiya müqaviləsinə imza atmağa vadar etməklə qarşıya qoyulan bütün məqsədlərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər milli təhlükəsizlik üzrə ekspert, Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabiti mayor Xəyal İsgəndərovun “Müharibənin nəticəsinə təsir edən faktorlar (İkinci Qarabağ müharibəsinin nümunəsində)” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Əslində müharibələrin bitmə müddəti ilə bağlı hər hansı bir mülahizə irəli sürmək üçün əsaslı bir elmi tədqiqatın aparılması, müxtəlif faktorların qiymətləndirilməsi vacibdir ki, bu da ciddi riyazi hesablamalarla müşayiət olunmalıdır. Bu tip problemlə bağlı aparılan tədqiqat işlərinin sayı demək olar ki, məhduddur. Yalnız B.L.Slantçev 1816-1991-ci illər ərzində aparılan dövlətlərarası müharibələri təhlil etməklə onların müddətləri və sülh şərtləri barədə müəyyən mülahizələr irəli sürüb. A.A.Stein və B.M.Russettin də tədqiqat işi müharibələrin nəticələrinin qiymətləndirilməsi məsələlərinə həsr edilib.
XX əsrin əvvəllərinə qədər müharibənin başa çatması və sülh şərtləri ilə bağlı təxminlər, əsasən, şəxsi heyət itkisinə görə formalaşdırılırdı. Belə bir hipotez var idi ki, müharibədəki şəxsi heyət itkisi ilə müharibənin nəticəsi arasında çox ciddi asılılıq mövcuddur. Bu yanaşma XX əsrin 60-70-ci illərində aparılan tədqiqat işlərində özünü büruzə verib. Levis Riçardson qeyd edir ki, əhalisinin sayı daha az olan tərəf ümumi əhalisinin 0,05-5 faizini itirərsə, onda onun məğlubiyyəti qaçılmazdır. Klinqberqə görə, öz əhalisinin təxminən 3-4 faizini itirən tərəf təslim olmağa meyil edir. Lakin ötən əsrin 80-ci illərindən etibarən tədqiqatçılar bu yanaşmanın düzgün olmadığını iddia etməyə başladılar. Məsələn, Riçardsonun fikri ilə razılaşmayan Steven Rosen qeyd edib ki, “təxminən iki əsr müddətində baş vermiş 77 müharibədən yalnız 2-də ümumi əhalisinin 5 faizdən çoxunu itirmiş ölkələr məğlub olub. 77 müharibədən 23-də məğlub olan tərəf ümumi əhalisinin 0,05 faizindən az itki verib”. Nəticə etibarilə, həmin dövrün tədqiqatçıları yalnız şəxsi heyət sayını deyil, ümumi hərbi gücü diqqət mərkəzinə gətirməyə başladılar. Məlumdur ki, hərbi güc üç əsas faktordan asılıdır: şəxsi heyət, silah və texnika, təşkilati struktur. Bununla yanaşı, Rosen əsgərin fədakarlığını da xüsusi olaraq vurğulayıb.
Beləliklə, XX əsrin 80-ci illərindən başlayaraq, aparılan tədqiqatlarda müharibədə qazanılan müvəffəqiyyət bilavasitə hərb məharəti və texnologiya ilə əlaqələndirildi. Ötən əsrin sonlarından etibarən tədqiqatçılar, əsasən, müharibənin mənşəyini, müharibə müddətindəki və müharibədən bilavasitə sonrakı diplomatiyanı öyrənməyə başladılar. Bu məqalədə ümumiləşdirilmiş məlumatlar əsasında İkinci Qarabağ müharibəsinin bitməsi və sülh şərtləri barədə təhlillərin nəticələri təqdim edilir. Müharibənin müddəti onun rəsmən elan edilməsindən sülh və ya atəşkəs müqaviləsinin qüvvəyə mindiyi və bununla da həlledici döyüşlərin dayandığı ana qədər götürülür. Tərəflərinin hər biri üçün müharibənin aşağıdakı dörd nəticəsi ola bilər: məğlubiyyət, kompromis, mənfəət əldəetmə, qələbə.
Bəzi mənbələrdə çox nadir hallarda baş versə də müharibənin nəticəsi kimi heç-heçə (stalemate) də göstərilir. Azərbaycan bu nəticələrdən ən yüksəyinə – qələbəyə nail oldu. Çünki Müzəffər Ali Baş Komandanın qətiyyəti, Silahlı Qüvvələrimizin imkan və qabiliyyətləri, xalqımızın birliyi bizim bu nəticəni əldə etməyimizə tam imkan verdi. Beləliklə, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin müharibənin bitməsi ilə bağlı birgə bəyanatı imzalandı. Bu bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası birmənalı elan olundu. Müharibə başlamazdan öncə Ermənistanın münaqişədən mənfəət əldə etmə imkanı var idisə (Dağlıq Qarabağa muxtariyyətin verilməsi), İkinci Qarabağ müharibəsinin ilk mərhələsində (əks-hücum əməliyyatlarının başladılması və düşmənin müdafiə xəttinin yarılması) İrəvanın son iki nəticədən tamamilə məhrum olması məlum idi. Müharibənin ilk günlərindən şərtləri diktə edən tərəf Azərbaycan idi. Qeyd edək ki, rəsmi mənbələrdə Ermənistan ordusunun şəxsi heyət itkisi 2500-3000 nəfər göstərilir. Lakin bu, faktdır ki, Ermənistan rəhbərliyi itkilərin sayını xalqdan gizlədir, döyüş meydanında qalmış yüzlərlə cəsədi götürməkdən imtina edir, həlak olanları itkin düşmüş və ya fərarilik etmiş kimi qələmə verir. Hələ oktyabrın ortalarında türk və rus mətbuatında Ermənistan ordusunun təxminən 8 min, noyabrın əvvəllərində isə 13 min nəfərə qədər itki verməsi ilə bağlı məlumatlar yayılmışdı. Riçardsonun yanaşması ilə təxminən 2,5 milyon nəfər əhalisi olan Ermənistan noyabrın əvvəllərində ümumi əhalisinin 0,05 faizindən çoxunu itirmişdi ki, bu da məğlubiyyətə aparan ən əsas səbəblərdən biri idi. Çoxsaylı şəxsi heyət və hərbi texnika itkisinə məruz qalan Ermənistan həmin vaxt Azərbaycan tərəfinin şərtlərini qəbul etməklə sonradan verdiyi itkinin qarşısını ala bilərdi. Lakin Ermənistanın səbatsız siyasi rəhbərliyi şəxsi imicini düşündüyündən vəziyyəti real qiymətləndirə bilmədi.
Beləliklə, Ermənistanı müharibənin ən ağır nəticələri (kompromis və məğlubiyyət) ilə üz-üzə qoydu. Bu müharibədə Azərbaycan qəti qələbə qazandı. Lakin belə iddia edənlər də var ki, Azərbaycan Ordusu hücumu davam etdirməklə kapitulyasiya müqaviləsinə qədər Ermənistanın işğalında olan digər əraziləri də döyüşlə azad edə bilərdi. Fikrimizcə, bu çox qeyri-peşəkar bir yanaşmadır. Kəlbəcərin və Laçının coğrafi relyefi, Ağdərə-Ağdam istiqamətindəki istehkam qurğuları ən azından peşəkar hərbçilərə məlumdur. Şübhəsiz ki, müzəffər Azərbaycan əsgəri döyüşərək bu əraziləri də işğaldan azad etmək iqtidarında idi. Lakin bu da aydındır ki, həmin əməliyyatlar itkisiz mümkün deyildi və hava şəraiti ordunun irəliləməsinə öz mənfi təsirini göstərəcəkdi. Burada artıq Prezident İlham Əliyev siyasi uzaqgörənliyi və diplomatiyası öz sözünü dedi, əlavə itkilərə imkan vermədən digər torpaqlarımızın erməni işğalçılarından azad edilməsinə nail olundu. 10 noyabr müqaviləsi tamamilə Azərbaycanın xeyrinə və vaxtında imzalanmış bir sənəddir.
Digər ən çox müzakirə olunan məsələ isə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır. “Əgər işğal olunmuş ərazilərdən son erməni əsgəri çıxarılana qədər müharibə davam etsəydi, rus sülhməramlılarını yerləşdirməyə ehtiyac qalmayacaqdı” deyə fikirlər səsləndirilir. Bu da düzgün yanaşma deyil. Siyasi və hərbi rəhbərliyin məqsədi erməni işğalçılarını, erməni əsgərini qovmaq idi ki, Ordu bu işi müvəffəqiyyətlə yerinə yetirdi. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onları yaşadıqları yerdən qovmaq heç bir zaman Azərbaycan siyasi kursunda nəzərdə tutulmayıb. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağda döyüşən hərbi qüvvələrin şəxsi heyətinin 90 faizi Ermənistan vətəndaşları idi. Ona görə də Qarabağın ermənilər yaşayan hissəsində sülhməramlı missiyanın yerləşdirilməsi bütövlükdə Azərbaycanın məqsədinə xidmət edir. Çünki orada sülhməramlı əsgərlər olmasaydı, heç kim təminat vermir ki, Ermənistandan olan təxribatçılar keçmişdə etdikləri kimi, Qarabağ ermənilərindən bir neçəsini öldürüb “Azərbaycanlılar əliyalın erməniləri qətl edir” imici yaratmağa çalışmayacaqdı. Bundan əlavə, Rusiyanın ən ali səviyyədə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi dəfələrlə vurğulaması ərazi bütövlüyümüzə və beynəlxalq hüquq normalarına olan hörmətin göstəricisidir. Noyabrın 10-dakı razılaşmasına əsasən, Dağlıq Qarabağda 1960 rus əsgərinin yerləşdirilməsi qərara alınıb. Bunu “Qarabağda rus ordusu yerləşdirilib” kimi təqdim etmək düzgün deyil.
Onu da qeyd etmək lazımdır ki, Qarabağda rus sülhməramlıları ilə yanaşı, qardaş Türkiyə Respublikasından gələcək əsgərlər də xidmət göstərəcəklər və Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzi yaradılacaq. Həmin mərkəzin yeri isə Azərbaycan tərəfindən müəyyənləşdiriləcək. Bu baxımdan Azərbaycanın hərbi və diplomatik qələbəsinə kölgə salınmasına qəti yol verilməməlidir.

Ordu 2020-12-07 19:00:00