×
A
A
A
Sazlamalar

KOICA aztəminatlı ailələrə və şəhid uşaqlarına elektron avadanlıqlar verib

Bakı, 7 dekabr, AZƏRTAC

COVID-19 pandemiyası ilə mübarizə aparmaq və onun daha da yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsilin distant formada aparılmasına gətirib çıxarıb. Pandemiyanın təhsilə mənfi təsirinin azaldılması və uşaqlara onlayn təhsillərinə dəstək göstərilməsi üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi və KOICA Məzunlar Assosiasiyası (KOAZ) 20-dən çox planşet ianə edib.
KOICA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, planşetlər Bakının Xəzər rayonunda yaşayan aztəminatlı ailələrə, o cümlədən 6 şəhid uşağına çatdırılacaq.
Layihə Xəzər Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. 22 planşet müvafiq ünvanlara çatdırılması üçün icra hakimiyyətinin səlahiyyətli şəxslərinə təhvil verilib. Layihənin məqsədi pandemiyanın mənfi təsirinə məruz qalmış uşaqlara dəstək olmaq, təhsildə bərabərlik və inklüzivliyi təşviq etməkdir.
KOICA-nın Azərbaycan nümayəndəliyi distant təhsilə edilən ianələrin COVID-19 səbəbindən təhsil prosesinin gedişatında baş verən fasilələrin aradan qaldırılmasına və gələcəkdə daha da dayanıqlı təhsil sisteminə töhfə verəcəyinə inanır.

İKT 2020-12-07 18:18:00