×
A
A
A
Sazlamalar

Niderlandlı tələbələr İkinci Qarabağ müharibəsini və onun nəticələrini öyrənirlər

Bakı, 2 dekabr, AZƏRTAC

Niderland Krallığının Tilburq Universitetinin jurnalistika fakültəsinin 3-cü kurs tələbələri Azərbaycan–Ermənistan müharibəsi mövzusundan bəhs edəcək layihə çərçivəsində Azərbaycan diasporunun fikirlərini öyrəniblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, layihənin koordinatoru Niderlandda yaşayan Azərbaycan və Ermənistanın diaspor rəhbərlərinə müraciət edərək İkinci Qarabağ müharibəsi və 10 noyabr razılaşması haqqında ətraflı məlumat almaq istədiklərini bildirib.
Azərbaycan–Türk Mədəniyyət Dərnəyinin binasında tələbələrlə keçirilən görüş zamanı müsahibə verən Emil Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olduğu, İkinci Qarabağ savaşı zamanı ölkəmizin qazandığı Qələbə nəticəsində Ermənistanın 10 noyabr tarixli razılaşmanı imzalamağa məcbur olması barədə ətraflı danışıb.
Xəritədə Azərbaycan Ordusunun və Rusiya sülhməramlı qüvvələrinin hazırda nəzarət etdikləri ərazilər göstərilib. İşğaldan azad olunmuş Qarabağ bölgəsində təhlükəsizliyin, infrastrukturun, kommunikasiyanın bərpası ilə bağlı həyata keçiriləcək müxtəlif layihələrdən danışılıb.
Layihənin Tilburq Universitetinin müəllim-tələbə heyətinə təqdim olunması nəzərdə tutulur.

Diaspor 2020-12-02 19:24:00