×
A
A
A
Sazlamalar

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

Bakı, 2 dekabr, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən “GOSB” texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında “Mədəni və Elmi Əməkdaşlıq” memorandumu imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Qarabağda texnologiya parklarının, innovasiya mərkəzlərinin açılması planlaşdırılır. İnnovasiyalar Agentliyi bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atıb.
Memorandumda hər iki tərəfin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub. Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşılması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.
Qeyd edək ki, Qarabağ torpaqları düşmən işğalından azad edildikdən dərhal sonra Azərbaycan Prezidentinin göstərişi ilə regionda abadlıq işlərinin aparılmasına başlanılıb. Qarabağ hər zaman, ilk öncə mədəniyyət ocağı, şairlərin, musiqiçilərin və incəsənət xadimlərinin vətəni olub. Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir.

İKT 2020-12-02 11:24:00