×
A
A
A
Sazlamalar

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır.
2.3. Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.
2.4. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır. Səkkizguşəli ulduz ilə “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.5. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Qızılı rəngli xara lentin mərkəzində 5 mm enində tünd qırmızı rəngli şaquli zolaq təsvir olunmuşdur. Xara lentin sol və sağ kənarlarından mərkəzə doğru, biri digərindən 3 mm aralı, 3 mm enində tünd qırmızı və 2,5 mm enində yaşıl rəngli şaquli zolaqlar vardır.
4.3. Xara lentin yuxarı hissəsinə üzərində milli ornamentlər təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Qanunlar 2020-12-01 19:48:00