×
A
A
A
Sazlamalar

"United Airlines" aviaşirkəti "Pfizer" vaksinlərini ABŞ və Avropadakı anbarlara daşıyır

Bakı, 28 noyabr, AZƏRTAC
ABŞ-ın "United Airlines" aviakompaniyası "Pfizer" əczaçılıq kompaniyasının koronavirusa qarşı vaksinlərini ABŞ və Avropadakı anbarlara daşımağa başlayıb.
AZƏRTAC "The Wall Street Journal" nəşrinə istinadla xəbər verir ki, bu, tənzimləyici orqanların icazəsindən sonra əhalinin peyvəndlənməsinə vaxt itirmədən başlamaq məqsədilə edilir. Vaksin hazırda Miçiqan ştatındakı və Belçikadakı anbarlara daşınır. Sonradan preparatın Viskonsin ştatına və Almaniyaya çatdırılması da planlaşdırılır.
Ötən həftə Almaniyanın "BioNTech" əczaçılıq kompaniyası və onun amerikalı tərəfdaşı "Pfizer" koronavirusa qarşı peyvəndin qeydə alınması üçün ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinə sorğu göndərib. Qurumun müstəqil ekspertlər kollegiyası dekabrın 10-da sorğunu nəzərdən keçirməlidir. Kompaniyalar, həmçinin bütün dünya üzrə, o cümlədən Avropa İttifaqı və Böyük Britaniyanın tənzimləyici orqanlarına da müvafiq sorğu göndərməyə başlayıb.
Qeyd edək ki, "BioNTech" və "Pfizer" kompaniyaları istehsal etdikləri vaksinin effektivlik göstəricisinin 95 faiz olduğunu bildirirlər.

Dünya 2020-11-28 15:36:00