×
A
A
A
Sazlamalar

Fransada “Qlobal təhlükəsizlik” qanunu siyasi böhran yaradıb

Paris, 28 noyabr, AZƏRTAC

Fransa Senatı və Milli Assambleyası Baş nazir Jan Kasteksin təşəbbüsünə etiraz edirlər.
AZƏRTAC xəbər verir ki, Baş nazir J. Kasteksin ölkədə etirazlara səbəb olan “Qlobal təhlükəsizlik” qanununun polisin şəklinin yayılmasını qadağan edən 24-cü maddəsinin yenidən tərtibatı üçün məşvərətçi komissiya təyin olunmasına dair qərarı ölkənin hər iki palatasının rəhbərlərini ciddi qıcıqlandırıb. Onlar qanun maddəsinin parlamentdə demokratik və ictimai debatlar çərçivəsində yenidən tərtib edilməli olduğunu bildiriblər.
Qanunun polisin şəklinin yayılmasını qadağan edən 24-cü maddəsinin yaratdığı ümumi qəzəb qarşısında hökumət həmin maddənin yenidən yazılması üçün məşvərətçi komissiyanın yaradılmasını təklif edib. Hökumətin bu təşəbbüsü iqtidar partiyasında siyasi böhrana səbəb olub. Parlamentarilər bu təşəbbüsü hökumətin onların işinə “hörmətsizliyi” kimi qiymətləndirirlər.
“Qlobal təhlükəsizlik” qanununun 24-cü maddəsi nümayişlər zamanı polisin şəklinin yayılmasını qadağan edir. Nümayişlər zamanı polis zorakı hərəkət etdiyi zaman belə onun şəkli yayılmamalıdır.
Mətbuat orqanları da bu maddəyə etiraz edir və nümayişləri işıqlandırmaq üçün jurnalist göndərməyəcəklərini bildiriblər.
Qeyd edilir ki, ifadə azadlığını pozan bu maddə etiraz nümayişləri zamanı polisin əl-qolunu açaraq zorakı hərəkətlərin cəzasız qalmasına aparır. Hətta bu maddənin ölkədə onsuzda son illər boğulan azadlıqların daha da məhdudlaşdırılmasına yol açacağı bildirilir.
Müxtəlif şəhərlərdə bu maddəyə etiraz nümayişlərinin sayı artmaqdadır.


Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-11-28 15:24:00