×
A
A
A
Sazlamalar

Salyanda hər gün sahələrdən 30 tona yaxın məhsul yığılır

Salyan, 28 noyabr, Mahir Babayev, AZƏRTAC 

Salyanda pambıq yığımı davam edir. Fermerlər yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün var qüvvələrini sərf edirlər. Onların gərgin əməyi nəticəsində indiyədək sahələrdən 20 min 131 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Hər gün sahələrdən 25-30 ton məhsul yığılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il salyanlı pambıqçılar 5 min 10 hektar sahədə pambıq əkiblər. Şirkətlərlə müqavilə bağlayaraq məhsul yetişdirən mülkiyyətçilər göstərilən hərtərəfli kömək nəticəsində cari təsərrüfat ilində sahələrdən bol məhsul yetişdiriblər. Rayonda yığım kampaniyasına yaxşı hazırlıq görüldüyündən və işin gedişində fermerlərə güclü dəstək olunduğundan indiyədək sahələrdən 19 min 612.9 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 40 sentnerə çatır ki, bu da pambıq əkini ilə məşğul olan rayonlar arasında ən yüksək nəticədir. Toplanmış pambığın 17 min 886 tonu maşınların köməyi ilə yığılıb.
Rayonda pambıq yığımında yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini, fermer Əlizamin Əsgərovdur. Sahibkar uzun illərdir pambıq əkini ilə məşğul olur. Ötən il becərdiyi 30 hektar sahənin hər hektarından 38 sentner məhsul götürüb.
“Cari ildə 35 hektar sahədə pambıq əkmişəm. Bu il də məhsulum bol olub. İndiyədək sahənin hər hektarından 38 sentner məhsul götürməklə 135 ton pambıq toplamışam. Hələ sahəmdə məhsul var. Yığımın sonuna kimi daha 5 tondan çox məhsul yığacağıma əminəm”, - deyə fermer bildirib.

Regionlar 2020-11-28 12:09:00