×
A
A
A
Sazlamalar

Deputat: Senatın qəbul etdiyi qətnamə özlüyündə Fransanın xarici siyasətinin və demokratiyasının ifşası deməkdir

Bakı, 26 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Respublikası Milli Məclisində Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı xüsusi bəyanatın hazırlanması və hökumətə tövsiyə edilməsi tamamilə adekvatdır və hüquqa əsaslanır. Bəyanatda Fransanın ATƏT-in Minsk qrupunun sədrliyindən uzaqlaşdırılması ilə bağı səsləndirən fikirlər, əslində, hələ bu ölkənin Senatının qəbul etdiyi 145 saylı qətnamədən başqa, həm də Fransa rəsmilərinin ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirmələrinə etirazdır. Görünür, Fransada bir qrup siyasi avantürist var ki, onlar bu ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirməyə çalışırlar. Ancaq bununla yanaşı, unutmaq olmaz ki, məlum qətnaməyə 304 senator səs verib. Bu, özlüyündə bir göstəricidir və Fransa Senatının hansı siyasi əhval-ruhiyyədə olduğunu göstərir. Ona görə də Azərbaycan bu cür təcavüzkar mövqeyə mütləq münasibət bildirməli və haqqı olanı tələb etməli idi. Milli Məclis də məhz bu addımı atdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlunun sözlərinə görə, Milli Məclis etiraz bəyanatı ilə ermənidən artıq erməniçilik edən ölkənin Senatına bildirdi ki, sizin qərar, sadəcə, kağız parçasıdır, yalnız Fransanın xarici siyasətinin və demokratiyasının özünüifşasına xidmət edir. Belə bir ölkənin isə beynəlxalq hüquqdan danışmağa, onun tələblərinin yerinə yetirilməsini iddia etməyə, yaxud da hansısa vasitəçilik missiyasını icra etməyə mənəvi-hüquqi haqqı yoxdur.
“Biz artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi təqdim olunan termini siyasi-diplomatik leksikondan çıxarmışıq. Qan tökərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bununla da beynəlxalq hüququn və BMT təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmişik. Azərbaycan Ermənistanı Dağlıq Qarabağ adında heç bir qurumu tanımadığı sənədə qol çəkməyə məcbur edib. Bu isə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Fransanın səs verdiyi qətnamələrin icrası deməkdir, onun da rəsmən tanıdığı Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir. Ona görə də Azərbaycanın əleyhinə hər hansı addım atarkən Fransa Senatı əvvəlcə bu barədə ciddi düşünməli idi. Azərbaycan bundan sonra da onun maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək”, - deyə H.Babaoğlu qeyd edib.

Siyasət 2020-11-26 19:00:00