Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə qələbəsidir

Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 25-də Azərbaycanın işğal altında olan ən böyük rayonu – Kəlbəcər işğaldan azad edildi. Otuz il ərzində düşmən tapdağı altında qalan torpaqlarımızın hər qarışının, azad edilən hər kəndin, hər şəhərin Azərbaycan üçün əhəmiyyəti son dərəcə böyükdür. Rayonlarımızın hər birinin düşməndən təmizlənməsi, əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Eyni sözləri biz noyabr ayının 20-də işğaldan azad edilmiş Ağdam və hazırda işğalının son günlərini yaşayan Laçın üçün də deyə bilərik. Əlbəttə, hərbi əməliyyatların gedişində Azərbaycan şəhidlər verib. Amma bu əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər hadisələrin gedişini məhz bu məcraya yönəltdi. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Bu razılaşmaya əsasən, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev söyləyib.
Səttar Möhbalıyev bildirib: “Dediyim kimi, Kəlbəcər bizim işğal altında olmuş ən böyük rayonumuz idi və ümumiyyətlə, Azərbaycanın ən zəngin rayonlarından biridir. Bu zənginlik özünü bütün sahələrdə göstərib. İlk növbədə, Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onlardan ən böyüyü uzunluğu 200 kilometr olan Tərtər çayıdır. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi var. Bu, bizim böyük sərvətimizdir. Sovet dönəmində bütün sovet respublikalarında məşhur olan İstisu müalicəvi suyunun mənbəyi də məhz Kəlbəcərdədir. Vaxtilə ora böyük kurort zonası idi. Kəlbəcər, həmçinin yeraltı təbii sərvətlərlə zəngin ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. O cümlədən bu rayonun ərazisində qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları var.
Lakin 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar. Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bu məsələyə toxunaraq deyib: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Həqiqətən də Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı bu Vətən müharibəsində qazandığı tarixi Qələbəsi ilə, əslində, bütün Qafqazı erməni faşizmindən xilas etdi. Eyni zamanda, bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Ümumiyyətlə, Azərbaycanın bu tarixi Qələbəsinin istər ölkədaxili, istər regional, istərsə də ümumbəşəri əhəmiyyətini daşıyan məqamlar hələ bundan sonra uzun illər öyrəniləcək və qiymətləndiriləcək. Lakin mən noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış vacib bir məqama toxunmaq istəyirəm. Bu məqam Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqəsinin bərpa olunması ilə bağlıdır. Əslində, bu, öz əhəmiyyətinə görə çox böyük bir hadisədir. Bununla Naxçıvanın 30 illik blokadasına son qoyulacaq. Burada bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əslində, bu məsələ Qarabağ üzrə danışıqların mövzusuna heç vaxt daxil edilməyib. Yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi əsasında bu bənd üçtərəfli bəyannaməyə əlavə olunub və Ermənistan tərəfi də həmin sənədi imzalamaq məcburiyyətində qalıb.
“Bəli, Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki, sona çatır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu tarixi qələbə sevincini, bu möhtəşəm zəfər qürurunu Azərbaycan xalqına yaşadır. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir. Dövlətimizin başçısının dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır!”, - deyə deputat vurğulayıb.

Siyasət 2020-11-26 18:33:00