×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müasir texniki imkanlara malik şirkətlərlə əməkdaşlığı davam etdirir

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Canon” şirkətinin Cənubi Qafqazda tərəfdaşı olan “DiVi” şirkətinin direktoru Emin Quliyevlə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə “DiVi” şirkəti ilə ADNSU-nun əməkdaşlıq əlaqələri müzakirə olunub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin müxtəlif sahələrdə bir neçə şirkətlə, o cümlədən “DiVi” ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün ADNSU dünyada informasiya texnologiyaları sahəsində olan yenilikləri xüsusilə diqqətdə saxlayır. Ali təhsil ocağında uğurlu tədrisin və elmi nailiyyətlərin əldə olunmasında müasir texnologiyanın tətbiqinə geniş yer verilir. Bu gün ADNSU-nun universitet olaraq hədəfi, həmçinin müasir tələblərə cavab verən elmi-tədqiqat müəssisəsi olmaqdır. Uğurlu fəaliyyət üçün də ən müasir texniki imkanlardan geniş istifadə mütləqdir.
“DiVi” şirkətinin direktoru Emin Quliyev əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyini vurğulayıb. Görüşün sonunda “DiVi” şirkəti tərəfindən “Canon” markalı müasir texniki imkanlara malik printer universitetə hədiyyə olunub.

Elm və təhsil 2020-11-26 18:22:00