Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gələcəyin memarları Qarabağın bərpası ilə bağlı eskizlər hazırlayıblar

Naxçıvan, 26 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində sərgi təşkil edilib. Qarabağın işğaldan azad edilmiş yurd yerlərinin bərpası ilə bağlı sərgidə tələbələrin eskizləri, qrafik işləri yer alıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının xalqımıza və dünya azərbaycanlılarına qürur və fəxarət hissi bəxş etdiyini vurğulayıb. O, Qələbənin dövlətimizin başçısının siyasi iradəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu qeyd edib. Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun döyüş şücaəti nəticəsində Qarabağın mənfur düşmən tapdağından azad olunması münasibətilə hər kəsi təbrik edən rektor Vətənimizin dilbər güşələrindən olan Qarabağımızın tarixi və mədəni irsindən söhbət açıb.
Bildirilib ki, gələcəyin memarı olacaq tələbələrin işğaldan azad edilən torpaqların bərpası ilə bağlı layihələrini təqdim etməsi qürurvericidir. Rektor bütün tələbələri bu münasibətlə təbrik edib, hazırlanan eskizlərin gələcəkdə istifadə olunması ilə bağlı arzu və təkliflərini çatdırıb.
Universitetin Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tələbələrin belə bir sərgini təşkil etməsindən qürur duyduğunu bildirib və tələbələrə uğurlar arzulayıb.
Ali təhsil ocağının Memarlıq ixtisası üzrə III kurs tələbəsi İlahə Babayeva bu cür sərginin təşkil edilməsinə görə tələbələr adından minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə təqdim olunan Xudafərin körpüsünün maketi ən maraqlı təqdimatlardan olub. Memarlıq ixtisası üzrə IV kurs tələbəsi Cavid Məmmədov bu tarixi tikilinin bərpası istiqamətində öz təkliflərini sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Sonda rektor tələbələrin əl işlərini qiymətləndirib və sərgi iştirakçılarına “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan kitablar təqdim edib.

Regionlar 2020-11-26 16:36:00