Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AZƏRTAC-ın pandemiya ilə bağlı fotoları beynəlxalq sərgidə nümayiş olunur

Bakı, 26 noyabr, AZƏRTAC

AZƏRTAC-ın pandemiya ilə bağlı fotoları Seulda fəaliyyətə başlayan beynəlxalq sərgidə nümayiş olunur.
Dünyanın hər yerində COVID-19 virusunun yaratdığı vəziyyəti əks etdirən ekspozisiyada 47 xəbər agentliyinin 120 fotosu sərgilənir. Sərginin təşkilatçısı Asiya və Sakit Ölkələri Xəbər Agentlikləri Təşkilatı və ona sədrlik edən Koreya Respublikasının Yonhap agentliyidir.
Noyabrın 24-də Koreyanın Müasir Tarixi Milli Muzeyində açılan “Pandemiya səhnələri” beynəlxalq media fotosərgisi 2021-ci il martın 21-dək davam edəcək. Yonhap agentliyi fotoları kitab şəklində də təqdim edib.
“Xəbər agentliklərinin müxbirləri hadisə yerinə ilk gələn və kritik məqamları qeydə alan əsl pandemiya şahidləridir. Kitabda əks olunan fotolar infeksiya və təcrid olunma, məhdudiyyətlər, xəstələrin əzabı və ölümü, təmassız həyat, üz maskaları kimi yeni reallıqları göstərir. Bu şəkillər bizim məsuliyyətimizi bir daha yada salır və böhrandan yalnız birgə səylər sayəsində çıxmağın mümkünlüyünü nümayiş etdirir”, - deyə Yonhap agentliyinin prezidenti Ço Sanq Boo yazıb.
Koreya Respublikasının Mədəniyyət, idman və turizm naziri Park Yanq Voo sərginin təşkilinə görə agentliklərə minnətdarlığını belə ifadə edib: “Dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda fiziki təmaslardan məhrum olan insanları mədəniyyət və incəsənət yaxınlaşdırır. Sağlamlıqlarına olan təhlükələrə baxmayaraq, yaşadıqları reallıqları əks etdirən məhz qırx yeddi xəbər agentliyinin jurnalistləri insanlar arasında bu bağlantını yaratmış olurlar”.

 

Mədəniyyət 2020-11-26 16:32:00