×
A
A
A
Sazlamalar

Mənsum İbrahimov: İnsanlar yenidən oraya qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq VİDEO

Bakı, 26 noyabr, AZƏRTAC

Təəssüratları sözlə ifadə etmək çox çətindir. Təsəvvür edin 30 ildən sonra qoyub çıxdığımız möhtəşəm Ağdamdan əsər əlamət yoxdur. Nəinki, Ağdam şəhəri, həmçinin onun kəndləri tamamilə viran edilib, tanınmaz hala düşüb. Prezidentimizin söylədiyi kimi, buradan sanki vəhşi qəbilə keçib. Teatrın fasad hissəsi qalıb, məscid demək olar ki, uçurulub... Yəni hansı küçənin olduğunu dəqiq bilmək olmur, yalnız dediyim bu dağıntılardan istiqaməti təxmin etmək olurdu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində tanınmış xanəndə, Xalq artisti Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov deyib.
“Biz bir tərəfdən bu dağıntıları görüb ağlayır, digər tərəfdən yurdumuza qayıtdığımız üçün sevinirdik. Mən mətbuatda söz vermişdim ki, Ağdama ayaq basdığım an torpağı öpəcəm və məsciddə azan verəcəm. Heç vaxt azan verməmişəm, xanəndəlik etmişəm, amma Allahıma yaxın olmaq üçün bu niyyəti ürəyimdə tutmuşdum. Əməkdar artist Təyyar Bayramovla məscidə daxil olanda içimdən sanki bir haray qopdu və mükəmməl tərzdə olmasa da azan verdim. Sonra biz yaxınlıqdakı Dram Teatrına üz tutduq. Bizim uşaqlığımız orada keçmişdi. Yadımdadır, həmin meydanda vaxtilə Xarı Bülbül festivalları təşkil olunub. Amma indi isə ora tank yuvaları salınmış bir xarabaxana, minalanmış ərazi idi. Biz orada oxuduğumuz “Qarabağ” mahnısı ilə elə bil torpağa qayıdışımızı çatdırırdıq. Ora düşəndə heç nə tapa bilmədik. Nə park, nə məşhur o çay evi, nə də ağdam bazarı... təsvir etmək olmur. Ərazi minalandığı üçün biz yalnız təmizlənmiş bir marşrutla hərəkət edirdik. Bütün bunlara baxmayaraq, həmin yerləri abadlaşdıracağıq, Ağdamın əvvəlki şöhrətini ona qaytaracağıq. Bizim ona imkanımız da var, təcrübəmiz də var, qüdrətli dövlətimiz də”.

Xanəndə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürümü bildirərək deyib: “Məhz dövlətimizin başçısının siyasi iradəsi nəticəsində Şanlı Ordumuz 44 gün ərzində tarix yazdı. Eyni zamanda, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Biz həm də o şəhidlərin igidliyi sayəsində həmin torpaqlara qayıtdıq. Həmin şəhidlərin sayəsində biz Hadrutu, Cəbrayılı, Suqovuşanı, Şuşanı və digər rayonlarımızı aldıq. O torpaqlar bizə bağışlanılmadı, biz öz gücümüz sayəsində, qan bahasına ona sahib çıxdıq. Qarabağ bu gün bölgələrimizdən olan igid oğullarının qanı töküldüyü müqəddəs bir torpağa çevrildi. O torpaq həm də Azərbaycan üçün bir Məkkəyə çevrildi. Qarabağ bizi birləşdirdi. Hamı Ali Baş Komandanın ətrafında bir yumruq oldu. Mən azərbaycanlı kimi liderimlə fəxr edirəm. Prezident İlham Əliyev verdiyi müsahibələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Həm döyüş meydanında, həm də siyasi arenada üstünlüyünü saxladı. Ermənilərin mifik ordusunu bir neçə günün içində məhv etdi. 30 ildir, biz Ağdamın lent yazılarına baxırdıq. Rayonun 23 faizi bizdə olsa da, orada 94 min əhalisi yaşayırdı. Biz tez-tez ora gedər, tədbirlərdə iştirak edirdik. Bildiyiniz kimi orada 2 il bundan öncə Muğam Mərkəzi açıldı. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva binanın açılışında iştirak edəndə, Ali Baş Komandanımız “yaxınlarda belə bir binanın açılışını Ağdam şəhərində edəcəyik” söyləmişdi. Həmin söz mənim beynimdə dolaşır, ümidimi artırırdı. Həmin gün də elə bu gün imiş sən demə...
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Muğam Televiziya Müsabiqələri keçirilirdi. Mən münsif kimi iştirak etdiyim o müsabiqələrdə istədiyim səsi tapa bilmirdim. O insanların bir çoxu başqa-başqa bölgələrə, şoran torpaqlara səpələnmişdi. Amma bu gün ümidimiz çox böyükdür. İnsanlar yenidən ora qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq”.

 

Mədəniyyət 2020-11-26 16:22:00

Video