Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Balakəndə rekord miqdarda qarğıdalı istehsal olunub

Balakən, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda qarğıdalı yığımı artıq başa çatıb. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən rekord miqdarda – 46 min 217 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 61,5 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 44 ton artıb. Rayonun Şambul, Şərif, Yeni Şərif, Qaysa kəndlərinin ərazilərindəki təsərrüfatlarında məhsuldarlıq daha yüksək olub.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 7213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.

Kənd təsərrüfatı 2020-11-26 15:17:00