Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Fikrət Əmirov adına 11 illik incəsənət məktəbi şagirdlərinin növbəti uğuru

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdləri sosial izolyasiya şəraitində bir çox onlayn müsabiqələrdə iştirak edib, yüksək nailiyyətlər əldə ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin müəllimi Kəmalə Novruzbəyovanın sinfində qarmon ixtisası üzrə təhsil alan Sabir Quliyev və Rəşidə Ağayeva Qazaxıstanın Nur-Sultan, Almata, Karakanda şəhərlərində keçirilən beynəlxalq festivalda iştirak edib. Bu il altıncı dəfə baş tutan festival “Tessa Music Contest” adı altında instrumental və vokal ifaçılığı üzrə iki turdan ibarət olaraq distant formatda reallaşdırılıb. Müsabiqə Qazaxıstan, Rusiya və eləcə də Azərbaycandan seçilən 37 iştirakçı arasında keçirilib. Birinci turda 13-15 yaş qrupu üzrə instrumental ifaçılıq – milli alət nominasiyasında Sabir Quliyev birinci yerə çıxıb və II tura vəsiqə əldə edib. Rəşidə Ağayeva isə 16-19 yaş qrupu üzrə II yerə layiq görülüb. Eləcə də müəllimləri Kəmalə Novruzbəyova və konsertmeyster Şəlalə Qəhrəmanova diplomla təltif olunub.
Məktəbin şagirdlərinin uğurları bununla tamamlanmır. “Baku Jazz 2020” festivalı çərçivəsində təşkil olunan “Uşaqlığın caz rəngləri” müsabiqəsində məktəbin müəllimi Elmar Ağamirzənin sinfində rəssamlıq ixtisası üzrə təhsil alan Adilə Mirzazadə əla iş və fəal iştirakına görə diploma layiq görülüb.

Mədəniyyət 2020-11-26 14:41:00