×
A
A
A
Sazlamalar

Yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb VİDEO

Bakı, 26 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhərinin Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu müəyyənləşdirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkarlanmış nöqsanların insan həyatına və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış mebel sexində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib. Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə məsuliyyət daşıdıqları diqqətlərinə çatdırılıb.

Sosial 2020-11-26 13:03:00

Video