×
A
A
A
Sazlamalar

Azərbaycanın Poltavadakı diaspor fəalları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbədən qürurlandıqlarını bildiriblər VİDEO

Poltava, 26 noyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Poltava vilayətinin diaspor nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində şəhid olan hərbçilər, mülki şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Poltava şəhərində keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.
Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir E.Axundova bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlubiyyətə uğratdı.
“Prezident İlham Əliyev Kəlbəcər rayonunun erməni işğalçılarından azad olunması münasibətilə xalqa müraciətində vurğuladığı kimi, bu gün Azərbaycan tək döyüş meydanında deyil, eyni zamanda, informasiya məkanında, siyasi müstəvidə qələbə qazandı. Bu informasiya müharibəsində Ukraynada fəaliyyət göstərən diaspor fəalları, soydaşlarımız da aktiv iştirak edib. Bundan başqa, Silahlı Qüvvələrin Yardım Fonduna öz dəstəyini göstəriblər”, - deyə Elmira Axundova əlavə edib.
Səfir bildirib ki, hələ ümummilli lider Heydər Əliyev soydaşlarımızla görüşü zamanı diaspor fəallarımızın yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiyasının vacibliyini vurğulayırdı. Azərbaycan Prezidenti İlham Əliyevin əsas tövsiyələrindən biri diaspor təşkilatlarımızın koordinasiyalı, birgə fəaliyyətidir. Bu gün Ukraynada soydaşlarımız yerli seçkilərdə kifayət qədər uğur qazanıb. Gənclərimiz Ukraynanın dövlət qurumlarında çalışırlar. Diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar davam etdirilməlidir.
Sonra tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Poltava vilayəti təşkilatının sədri Telman Mahmudov, Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov, konqresin fəalları Kamandar Bayramov, akademik Xanlar Mahmudov, gənc soydaşlarımız Zamir İsmayılov, Alim Nəbiyev, Samir Əlizadə və digərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qazanılan uğurlardan qürurlandıqlarını vurğulayıblar. Soydaşlarımız qazandığı tarixi uğura görə Prezident İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini təklif ediblər.
Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını söyləyib.
Daha sonra Elmira Axundova Azərbaycanın işğaldan azad olunan əraziləri, ermənilərin orada törətdiyi vandalizm hərəkətlərinə dair yerli telekanallara müsahibə verib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava 

Diaspor 2020-11-26 11:36:00

Video