×
A
A
A
Sazlamalar

Estoniya Müdafiə Qüvvələrində 100-dən çox əsgər koronavirusa yoluxub

Tallin, 26 noyabr, AZƏRTAC

Bu günə qədər Estoniya Müdafiə Qüvvələrində 125 nəfər koronavirusa yoluxub.
AZƏRTAC ölkənin yerli mətbuatına istinadla xəbər verir ki, bu sözləri Estoniya Müdafiə Qüvvələrinin baş həkimi, polkovnik-leytenant Tarqo Lusti söyləyib.
Bildirilib ki, virusa yoluxmuş Yıhvi hərbi şəhərciyinin əsgərləri Tapa şəhərinə köçürülüb. Onun sözlərinə görə, ən ciddi vəziyyət 1-ci Piyada Briqadasındadır: “Yıhvi şəhərciyində əhali sıx məskunlaşdığından və şəhərcik məhdud əraziyə sahib olduğundan koronavirusa yoluxmuş bütün əsgərlər Tapa şəhərinə köçürülüb. Burada 1-ci Piyada Briqadasının koronavirusa yoluxmuş bütün əsgərləri özüntəcrid rejiminə keçiblər”.
Baş həkim T. Lusti həmçinin Estoniya Müdafiə Qüvvələrinin bütün bölmələrdən olan əsgərlər üçün özlərini təcrid edə biləcəyi yer hazırlandığını da əlavə edib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Dünya 2020-11-26 08:43:00